Azərbaycan bütün region ölkələrinə öz milli brend mallarımızı ixrac edə bilər

Ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirənin keçirilməsi ilk növbədə bu sahənin inkişafının ölkəmiz üçün aktuallığını ortaya qoydu. Müşavirədə çıxış edən dövlət başçısı son illərdə kənd təsərrüfatının dirçəlişi və inkişafı üçün atılan addımlarla yanaşı, bu sahədə ciddi problemlərin olduğunu da diqqətə çatdırdı. Qəbul edilmiş proqramlar və qərarların böyük dönüşə səbəb olduğunu vurğulayan dövlətimizin başçısı, ancaq son bir neçə il ərzində kənd təsərrüfatının inkişafında müşahidə edilən durğunluğun, əlbəttə, bizi düşündürdüyünü və bu məqsədlə Dövlət Proqramının hazırlanıb qəbul ediləcəyini bildirdi.

Bu gün dünyada gedən meyllər, müharibələr və münaqişələrin həmçinin kənd təsərrüfatına da ciddi mənfi təsirlər göstərməsi fonunda hər bir ölkənin öz ərzaq təhlükəsizliyi haqqında düşünməli və konkret addımlar atmalı olduğunu qeyd edən Prezident İlham Əliyev bu məsələnin bizim ölkəmiz üçün də aktual olduğunu vurğuladı. Bəli, ərzaq təhlükəsizliyi artıq milli təhlükəsizliyin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycan öz ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün kompleks tədbirlər görməyə üstünlük verir. Belə ki, ilk növbədə ölkə iqtisadiyatının neft və qazdan asılılığının azadılması üçün ciddi addımlar atılır, iqtisadi inkişafın şaxələndirilməsi istiqamətində islahatlar həyata keçirilir, qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritetə çevrilir.

Qeyri-neft sektoruna daxil olan əsas sahələrdən biri də məhz kənd təsərrüfatıdır. Azərbaycan tarixən neft sənayesi ölkəsi kimi tanınsa da, ancaq eyni zamanda, kənd təsərrüfatı sahəsində də kifayət qədər güclü ənənələri olan bir ölkədir. Azərbaycanın əlverişli coğrafi-iqlim şəraiti, münbit torpaqları və insan resursları kənd təsərrüfatı məhsullarına olan ehtiyaclarımızın ödənilməsində hər zaman həlledici rol oynayıb. Bu sahənin inkişaf etməsi üçün bu gün də böyük potensialımız var. Hazırda kənd təsərrüfatının inkişaf etdirilməsi yönündə gərəkən addımlar atılır, müəyyən proqramlar həyata keçirilir, subsidiyalar ayrılır. Lakin bütün bunlara rəğmən, Cənab Prezidentin də qeyd etdiyi kimi, son bir neçə il ərzində kənd təsərrüfatının inkişafında durğunluq müşahidə edilir.

Xüsusən də buğda istehsalı sahəsindəki durğunluq gözə çarpır. Dövlətimizin başçısı bildirdi ki, hazırda biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq ki, taxılçılığın inkişafına çox böyük təkanlar verilib, bir çox aqroparklar yaradılıb. Ancaq buna baxmayaraq, buğda istehsalı və ölkəmizin yerli buğda ilə özünü təminetmə əmsalı artmır. Prezident qeyd etdi ki, 55 faiz qəbuledilməz rəqəmdir və bu göstərici yaxın illərdə mütləq artmalıdır. Eləcə də tərəvəz, bostan məhsulları, meyvə, giləmeyvə, kartof istehsalının artırılması üçün də kifayət qədər imkanlar var və biz bu sahələrdə idxalı tamamilə aradan götürə bilərik. Dövlət başçısı da müşavirədəki çıxışında qeyd etdi ki, biz yerli kənd təsərrüfatı məhsulları ilə həm özümüzü təmin etməliyik, eyni zamanda, xarici ölkələrə də daha böyük həcmdə məhsul ixrac etməliyik.

Buna nail olmaq üçün isə təbii ki, ilk növbədə torpaqlardan səmərəli istifadə məsələsi xüsusilə diqqət mərkəzində saxlanılmalıdır. Burada məqsəd məhsuldarlığı maksimum artırmaq və torpaqların dəqiq analizini aparmaqdır ki, hansı ərazidə hansı torpaq sahəsində hansı məhsulun yetişdirilməsi daha məqsədəuyğun ola bilər. Eyni zamanda, kənd təsərrüfatının inkişafına sərmayələrin qoyulması, fermerlərin kənd təsərrüfatı texnikası ilə təmin edilməsi, su təchizatı, gübrə istehsalının artırılması, yeni texnologiyalardan istifadə edilməsi də mühüm əhəmiyyət daşıyır. Prezident bunları qeyd etməklə yanaşı, həmçinin genişmiqyaslı urbanizasiyanın, kəndlərdən şəhərlərə olan böyük axının qarşısının alınmasının vacibliyini də vurğuladı.

Əlbəttə, Azərbaycan urbanizasiya problemi ilə üzləşən yeganə ölkə deyil. Lakin dövlət başçısı qeyd etdi ki, biz elə etməliyik ki, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın: “Bu, təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir. Ancaq bəzi ölkələr, sadəcə olaraq, bu məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır”.

Aqrar sahənin inkişafı şəhərlərdən kəndlərə qayıdış prosesinin güclənməsində ciddi rol oynaya bilər. Bu, həm bölgələrdə yeni iş yerlərinin açılması və məşğulluq sahələrinin artmasına əhəmiyyətli təsir göstərə bilər, həm də büdcənin neftdən asılılığının tamamilə aradan qaldırılmasına gətirib çıxaracaq. Başqa sözlə desək, güclü kənd təsərrüfatı həm də güclü qeyri-neft iqtisadiyyatı deməkdir. Vaxtilə taxılçılıq sahəsində xüsusi nəticələrinə görə Cəlilabad rayonuna obrazlı ifadə ilə “Azərbaycanın Ukraynası” deyilirdisə, bu gün Azərbaycan özü bütövlükdə Cənubi Qafqazın kənd təsərrüfatı məhsulları ilə əsas təminatçısına çevrilə və dünya bazarlarına çıxış imkanlarını daha da artıra bilər. Bizim İrandan, Rusiyadan ərzaq məhsulları gətirməyi minimuma endirmək üçün hər cürə imkanlarımız var. Azərbaycan bütün region ölkələrinə öz milli brend mallarımızı ixrac edə bilər. Ona görə də kənd təsərrüfatının inkişafına yanaşmamızı konseptual şəkildə dəyişməliyik. Prezidentin keçirdiyi müşavirə də məhz bu məqsədə xidmət edir. Biz bu məqsədə nail olmaq üçün Çin, İsrail, Niderland kimi ölkələrin təcrübəsindən də yararlana bilərik. Əsas odur ki, strateji “yol xəritəmiz” artıq bəllidir.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »