Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov avqustun 13-də Milli Məclisə qarşıdan gələn seçkiləri izləmək üçün Azərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyi (MDB) Baş katibinin müavini Nurlan Seytimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə MSK-dan məlumat verilib.
Bildirilib ki, müşahidə missiyasının üzvlərini salamlayan sədr M.Pənahov, Milli Məclisə seçkilər ərəfəsində keçirilən görüşdən məmnunluğunu bildirib.
O, rəhbərlik etdiyi qurumun daim şəffaf fəaliyyət göstərdiyini, əməkdaşlığa açıq olduğunu vurğulayıb və diqqətə çatdırıb ki, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əlaqələrə mühüm əhəmiyyət verən MSK münasibətləri bundan sonra da davam etdirmək və daha da dərinləşdirmək niyyətindədir.
MDB Baş katibinin müavini N.Seytimov kifayət qədər sıx iş qrafikinə rəğmən, görüş üçün vaxt ayırdığına və səmimi qəbula görə MSK sədrinə minnətdarlığını ifadə edib. Nümayəndə heyətinin rəhbəri MDB missiyasının uzunmüddətli müşahidəçilərinin artıq fəaliyyətə başladığını, paytaxt Bakıda və regionlarda seçkilərə hazırlığı yaxından izlədiklərini deyib.
Sədr M.Pənahov Milli Məclisə seçkilərin ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçirildiyini diqqətə çatdırıb, seçki komissiyalarının fəaliyyət prinsipləri, müxtəlif statuslu seçki iştirakçılarını əhatə edən genişmiqyaslı maarifləndirmə layihələri, seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində atılan addımlar və son hazırlıq işlərindən danışıb, eləcə də beynəlxalq müşahidəçilərin suallarını cavablandırıb.
Ətraflı məlumat üçün MSK sədrinə təşəkkür edən MDB Baş katibinin müavini Milli Məclisə seçkilərin qanunvericiliyin tələblərinə uyğun azad, ədalətli, şəffaf keçəcəyinə və Azərbaycanın gələcək inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Görüş çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.