ABŞ-ın vitse-prezidenti Kamala Harris 2024-cü il prezidentlik yarışı öncəsi mövqelərini möhkəmləndirib.
CBS News/YouGov sorğusunun nəticələri bunu göstərir ki, indi Harris və keçmiş prezident Donald Tramp əsas ştatlarda bərabərdir. Halbuki Tramp bir ay əvvələ qədər 5% irəlidə görünürdü. Doğrudur, Donald Trampın xeyrinə bəzi kritik şeylər dəyişməyib: o, seçicilər arasında liderliyi qoruyub saxlayır. Sabiq dövlət başçısı seçicilərinə maliyyə cəhətdən onunla daha yaxşı vəziyyətdə olacaqlarını və onun siyasətinin sərhəddəki miqrantların sayını azaldacağını iddia edir.
Lakin Harrisin demokratların vahid namizədi olması hakim düşərgədə canlanma yaradıb. Xüsusilə qaradərililər və qadınlar Kamala Harrisə daha çox dəstək verməyə başlayıblar. Qadın seçicilərin böyük əksəriyyəti Harrisin seçildiyi təqdirdə qadınların maraqlarını müdafiə edəcəyinə inanır. Çox az qadın Tramp haqqında bunu deyir.
Seçkilərin nəticəsini müəyyən edən əsas ştatlarda Demokratlar və Respublikaçılar partiyalarından olan namizədlərin qalib gəlmək şansı artıq bərabərdir. Sorğular göstərir ki, hər iki namizəd Miçiqanda 48 faiz, Pensilvaniyada 50 faiz, Arizonada isə 49 faiz səs toplayıb.
Tramp Viskonsin (onun üçün 50%, Harris üçün 49%), Corciya (50% və 47%) və Şimali Karolinada (50% və 47%) cüzi üstünlük nümayiş etdirir. Harris Nevada ştatında Trampdan bir qədər üstündür (50%-48%).\\musavat\\