Səhiyyə Nazirliyində Koreyanın aparıcı tibb universitetlərindən biri olan “Kyung Hee” Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
İctimairey.az-ın xəbərinə görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Koreya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb.
Teymur Musayev həmçinin iki ölkə arasında səhiyyə sahəsində mövcud olan əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu da diqqətə çatdırıb:
“Koreya Respublikasında səhiyyə sahəsində inkişaf etmiş sistem yaradılıb. Rəqəmsal texnologiyalar bütün dünyada bu sahənin inkişafı üçün prioritet hesab olunur və gələcəkdə səhiyyənin ən mühüm elementi kimi yer alacaq. Rəqəmsallaşma səhiyyə xərclərini artırmadan xidmətlərin əlçatanlığını və keyfiyyətini təmin edir. Bununla belə, dövlətin iştirakı olmadan rəqəmsal səhiyyənin inkişafı mümkün deyil. Biz səhiyyə sisteminin təşkilində Koreya təcrübəsini öyrənməkdə maraqlıyıq”.
Sonda Azərbaycanın səhiyyə naziri ikitərəfli əməkdaşlığın uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Azərbaycan xalqının yüksək qonaqpərvərliyini bildirən “Kyung Hee” Universitetinin nümayəndələri belə görüşlərin təcrübə və bilik mübadiləsi baxımından çox vacib olduğunu vurğulayıblar. Həmçinin, Azərbaycan Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında da maraq ifadə olunub. Diqqətə çatdırılıb ki, ənənəvi Koreya təbabətində aparıcı məktəb hesab olunan “Kyung Hee” Universitet Sisteminə 50-yə yaxın köməkçi elmi-tədqiqat institutları daxildir.
Görüş zamanı tərəflər müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq üçün potensial imkanları müzakirə ediblər.