Məlum olduğu kimi, son iki gündə Gəncə şəhərinə yağan intensiv yağışlar bir sıra fəsadlar törədib. Belə ki, şəhərin bir neçə ərazisində fərdi yaşayış və qeyri-yaşayış sahələri su altında qalıb. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində çalışır.
Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli regional qurumlarının əməkdaşları tərəfindən fərdi yaşayış və qeyri-yaşayış sahələrinə dolmuş yağış sularının xaric edilməsi istiqamətində görülən işlər yekunlaşmaq üzrədir. Qeyd edək ki, əraziyə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən subasmaya məruz qalmış tuneldən suyun çəkilərək kənarlaşdırılması və avtomobillərin sərbəst hərəkəti təmin edilib.