Taksi fəaliyyəti və utilizasiya ilə bağlı tətbiq edilən son yeniliklərdən sonra ölkənin avtomobil sektorunda sürətli dəyişikliklər nəzərə çarpır. Əvvəllər insanlar arasında daha çox ili nisbətən köhnə olan Rusiya (Lada) və Almaniya (Mersedes) maşınlarına üstünlük verilirdisə, indi əsasən elektormobil və hibrid mühərrikli nəqliyyat vasitələri özünə daha çox alıcı cəlb edir.
Bu növ avtomobillər isə adətən Çin və Asiya ölkələrində istehsalı olunur. Bir çoxlarına görə, yaxın gələcəkdə, xüsusən utilizasiya səbəbindən ili köhnə olan avtomobilləri bazarda tədricən Çin istehsalı olan müasir elektomobillər əvəz edəcək.
Bəs, əvvəllər Azərbaycan xeyli rəğbət görən məşhur markalar bazarda öz nüfuzlarını itirə bilərmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının direktoru Eyyub Əliyev bildirib ki, hazırda avtomobil bazarında son illərin satış lideri məşhur Yaponiya markası “Toyota”dır:
“Bununla bağlı qısaca onu qeyd edim ki, dünyanın ən keyfiyyətli avtomobilləri Yaponiya avtomobilləridir. Məsələn, “Toyota” markası bir neçə ildir ki, ölkədə avtomobil satışı bazarının lideridir. Yəni ən çox tələb olunan və güvənilən maşındır. Digər yapon maşınlarının və Koreya markalarının öz həvəskarları var. Söhbət Avropa avtomobillərindən gedirsə, “Mercedes” və “BMW”ni bu sıraya aid etməyək. Bu iki markanın öz xüsusi alıcıları var”.
Eyyub Əliyev Çin avtomobillərinin sürətlə artımının bəzi avtomobil markalarının satışına təsir göstərə biləcəyini qeyd edib:
“Çin avtomobillərinin sürətlə artımı bazarda digər markalara, daha dəqiq desək, “Opel”, “Peugeot”, “Renault” kimi markaların satışına təsir göstərə bilər. Amma Avropanın giqantlarından söhbət gedirsə, onların bazarı əvvəlki kimi tələb görəcək. Nəzərə alsaq ki, artıq utilizasiya prosesinə start verilib, istənilən avtomobil markası Azərbaycan bazarında satış etmək iqtidarındadır və bunu rahatlıqla edə bilər. Sonuncu statistikaya nəzər salsaq, bizim avtoparkımızın 85 faizini yaşı 10 ildən yuxarıdır”.