Biz çox istərdik ki, Pezeşkian molla rejimini Azərbaycana qarşı pozucu addımlardan çəkindirməyi bacarsın
İranın 9-cu prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində baş nazir Əli Əsədov və Azərbaycan-İran parlamentlərarası işçi qrupunun üzvləri də iştirak edir. Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətini bərpa etməsindən sonra Pezeşkianın andiçmə mərasimində yüksək səviyyədə təmsil olunmağımız onu göstərir ki, rəsmi Bakı həmişə olduğu kimi bu gün də cənub qonşumuzla münasibətlərin normallaşmasında maraqlıdır. Azərbaycan bunun üçün öz tərəfindən gərəkən bütün addımları atıb.
Pezeşkianın seçkilərdə qalib gəlməsindən sonra Prezident İlham Əliyevin onu həm məktubla, həm də zəng edərək təbrik etməsi və Azərbaycana dəvət etməsi də bizim xoş məramımızın təzahürüdür. Proseslərin bundan sonrakı inkişafı isə artıq İran tərəfinin davranışlarından asılı olacaq. Pezeşkian seçki kampaniyasındakı çıxışlarında molla rejiminin xarici siyasətni tənqid edir və qonşularla, ilk növbədə isə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyini vurğulayırdı. Baxaq görək M.Pezeşkian indi bu fikirlərini sözdən reallığa çevirə biləcəkmi. Hər halda biz yenə də ümid bəsləyirik.
Ancaq onu da bilirik ki, İranda prezidentlərin səlahiyyətləri elə də çox deyil və bu ölkənin xarici siyasətinin müəyyənləşdirilməsində əsas söz sahibləri də məhz ali dini rəhbər Seyid Əli Xamenei ilə SEPAH-dır. 44 günlük İkinci Qarabağ müharibəsindən sonra İranın Azərbaycana qarşı açıq şəkildə aqressiv siyasət yürütməyə başlamasının əsas günahkarları da elə onlardır. Biz molla rejiminin son dörd ildə dəfələrlə Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxması, İran rəsmilərinin və SEPAH generallarının Azərbaycanın ünvanına təhdid dolu bəyanatlarla çıxış etməsi, İran mediasında ölkəmizə qarşı yazıların dərc olunması və sair bu kimi anti-Azərbaycan xarakterli hərəkətləri unutmamışıq.
Rəsmi Tehranın bu davranışlarının arxasında sözsüz ki, ən müxtəlif səbəblər, motivlər dayanır. Əsas səbəblərdən biri isə budur ki, mollalara elə gəlir ki, Ermənistanla sıx əməkdaşlığın qurulması İranın regiondakı maraqlarına daha çox uyğundur. Ancaq bu yanaşma kökündən yanlışdır. Mollalar yürütdükləri ermənipərəst siyasətin İranın strateji maraqlarına zərbə vurduğunu ya görmürlər, yadaki görmək istəmirlər. Pezeşkian isə ağıllı adamdır və o, molla rejiminin bütün yanlışlarını görür. Biz çox istərdik ki, o molla rejimini ermənipərəst siyasətdən əl çəkməyə təhrik etməyi və Azərbaycana qarşı pozucu addımlardan çəkindirməyi bacarsın. Əlbəttə, biz bunun elə də asan olmadığını başa düşürük. Ancaq onu da yaxşı bilirik ki, İranın da başqa yolu yoxdur. İran Azərbaycanın Cənubi Qafqazdakı aparıcı güc mövqeyi ilə hesablaşmalıdır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri