Azərbaycan millisinin sabiq qapıçısı: “Linkoln” “Qarabağ” üçün zəif rəqibdir

0

“Linkoln” “Qarabağ” üçün zəif rəqibdir.

Bunu “Report”a açıqlamasında Azərbaycan milli komandasının və “Qarabağ”ın sabiq qapıçısı Fərhad Vəliyev deyib.

43 yaşlı sabiq əlcək sahibi Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə “Linkoln”a (Cəbəllütariq) 2:0 hesabı ilə qalib gəldiyi görüş barədə danışıb:

“Oyunu izləyən hər kəs gördü ki, “Qarabağ” üstün futbol nümayiş etdirir. Rəqib oyunu müdafiədən qurmağa çalışırdı. Onlar yaxşı bilirdilər ki, “köhlən atlar”ın hücumlarının qarşısını almaq asan olmayacaq. Təbii ki, matçdan əvvəl Azərbaycan klubunun əvvəlki oyunlarını təhlil etmişdilər. “Linkoln” “Qarabağ” üçün zəif rəqibdir. Cavab matçında çətinlik çəkəcəyi inandırıcı görünmür”.

F.Vəliyəv “Qarabağ”ın bu mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsinə qədər irəliləyə biləcəyinə inandığını bildirib:

“Düşünürəm ki, Qurban Qurbanovun komandası heç də ötənilkindən zəif çıxış etməyəcək. “Qarabağ”ın ötənmövsümkü çıxışına nəzər salsaq, görərik ki, “Braqa” (Portuqaliya), “Bayer 04″ (Almaniya) kimi komandalarla başabaş mübarizə aparıb. Ağdam təmsilçisinin qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanacağına ümid edirəm. Təbii ki, bu bir o qədər asan olmayacaq. Təsnifat mərhələlərini adladıqca rəqiblər də çətinləşir”.

Qeyd edək ki, “Qarabağ” və “Linkoln” arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »