Sülh Fondunun Ermənistana yardımı sülh prosesinə zərbə vurmaq üçün nəzərdə tutulub

0

Avropa İttifaqı Şurasının Avropa Sülh Fondundan Ermənistan ordusuna 10 milyon avro dəyərində yardım paketini ayırması əslində böyük hərbi-siyasi avantüradır. Düzdür, Avropa İttifaqı Şurası bununla bağlı yaydığı məlumatda yardımın məqsədini belə əsaslandırmağa çalışır ki, guya, bu yardım ilk növbədə Ermənistan ordusunun maddi-texniki imkanlarının artırılması, böhran və fövqəladə hallar zamanı mülki əhalinin müdafiəsinin yaxşılaşdırılması üçün nəzərdə tutulub. Ancaq əsl həqiqətdə isə Sülh Fondunun Ermənistana yardımı sülh prosesinə zərbə vurmaq üçün nəzərdə tutulub.

Bu qərar regionda onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirə bilər. Avropalı siyasətçilərin bu yardımın əsl məqsədini müxtəlif ibarələrlə, söz oyunları ilə ört-basdır etməyə çalışmaları riyakarlıqdır. Məsələn, Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasətiüzrə Ali Nümayəndəsi Cozef Borell iddia edir ki, Avropa Sülh Fondunun yardım paketi Ermənistanın dayanıqlılığına və təhlükəsizliyinə xidmət edir. Ancaq aydın məsələdir ki, Borrelin bu iddiası absurddur. Çünki region ölkələri arasında heç kim Ermənistanın təhlükəsizliyini təhdid etmir. Əksinə, Ermənistan özü region ölkələri potensial təhlükə mənbəyidir.

Ancaq Borrel kimi saxtakarlar reallıqları qəsdən təhrif edirlər. Və Borrel də daxil olmaqla Avropa Sülh Fondundan Ermənistan üçün hərbi yardım ayrılmasına qərar verən bütün şəxslər məsuliyyət daşıyırlar. Bəli, bundan sonra Ermənistanın bölgədə sabitliyi pozmağa xidmət edən bütün addımlarına və hərbi təxribatlarına görə Avropa İttifaqı da birbaşa məsuliyyət daşıyacaq. Çünki açıq-aşkar görünür ki, Ermənistana ayrılan sözügedən yardım paketi hazırda sülh danışıqlarından qaçan və revanşizmə meyllənən bir ölkəni yeni hərbi avantüralara şirnikləndirəcək. Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların hələ də qalmaqda davam etdiyi Ermənistan dövləti bu yardımdan sonra sülh prosesindən daha da uzaqlaşacaq, yenidən hərbiləşmə yolunu tutacaq.

Avropa İttifaqının bu cür qızışdırıcı addım atması dərin təəssüf hissi doğurur. Çünki Avropa İttifaqı bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə yox, sülhə töhfə verməliydi. Son günlər Ermənistanın yenidən sülhdən yayınma xəttinə qayıtması da bilavasitə həm Avropa İttifaqının 10 milyon avro dəyərində hərbi yardımı, həm də ABŞ və Fransanın tətikləyici siyasəti ilə bağlıdır. Onlar Ermənistanı növbəti hərbi təxribatlara sürükləyirlər.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »