Rəsmi Bakı respublikaçıların da, demokratların da təmsilçisi ilə eyni dərəcədə səmərəli əməkdaşlıq edə bilər
ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdi kimin necə adlandırmasından asılı olmayaraq ilk növbədə məhz klassik siyasi terror aktıdır. Düzdür, indi bəziləri Trampa qarşı bu sui-qəsdin “qlobalistlər” tərəfindən edildiyini bildirir, digərləri isə bunun Trampın seçkiöncəsi reytinqini artırmaq və onun ikinci dəfə prezident seçilməsini təmin etmək üçün öncədən qurulmuş “səhnə”, “ssenari” olduğunu düşünür. Bir sözlə, versiyalar bir-birinə qarışıb və konspirologiya həvəskarları üçün də cürbəcür komplo-nəzəriyyələr ilə çıxış etmək imkanı yaranıb. Ancaq önəmli olan bu sui-qəsdin nəticələrinin həm daxili proseslərə, həm də dünyadakı geosiyasi vəziyyətə necə təsir göstərəcəyidir.
Bu teraktı planlaşdıran qüvvələr ilk növbədə Amerika xalqının iradəsinə qarşı çıxış etmiş oldular. Seçicilərin iradəsinə silahlı hücum yoluyla müdaxilə etmək ənənəsi Birləşmiş Ştatlar üçün yeni bir şey deyil. Siyasi zorakılıq halları ABŞ üçün ənənəvi tendensiyadır. Lakin dünya birliyi tamamilə haqlı olaraq ABŞ-da həyata keçirilən sui-qəsd hadisəsini birmənalı olaraq qınayır. Azərbaycan Prezidenti də Trampa qarşı törədilmiş sui-qəsd cəhdini siyasi zorakılıq aktı kimi qiymətləndirdi və siyasi liderlərə qarşı yönəlmiş bu cür radikal hərəkətləri pislədi. İlham Əliyein bu mövqeyi dünya birliyinin mövqeyi ilə səsləşir. Seçkilərin nəticələrinin qeyri-legitim, hüquqa zidd üsullarla dəyişdirilməsinə hesablanmış bu kimi zorakılıq aktları sıradan bir terror cəhdi deyil, açıq siyasi terror nümunəsidir. Ona görə də siyasi şiddətə, zorakılığa yol açan bu kimi hallar birmənalı olaraq hamı tərəfindən qınanılmalıdır.
ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri heç şübhəsiz ki, dünyanın ayrı-ayrı regionlarındakı proseslərə də bu və ya digər şəkildə təsir göstərir. Ona görə də qarşıdakı seçkilərdə Trampın və ya Baydenin qalıb gəlməsi təkcə sıravi amerikalıların deyil, dünyanın da diqqət mərkəzindədir. Bu baxımdan ABŞ-da cərəyan edən seçkiöncəsi proseslər Azərbaycanda da diqqətlə izlənilir. Təsadüfi deyil ki, bəzi analitiklər ABŞ-da demokratların hakimiyyətdə qalmasının Cənubi Qafqazın təhlükəsizlik maraqlarına uyğun olduğunu düşünür, digərləri isə Trampın demokratik seçki ilə hakimiyyətə gəlib ABŞ-ın xarici siyasətində köklü dəyişiklik etməsini Azərbaycanın maraqlarına uyğun hesab edir.
Təbii ki, məsələyə bu cür fərqli yanaşmalar subyektiv və obyektiv amillərə əsaslanır. Lakin ümumən götürdükdə isə, bizim üçün bunun elə də prinsipial fərqi yoxdur. Bu məsələdə narahat olmalı olan tərəf varsa da, o da Ermənistandır. Trampın, yoxsa Baydenin qalib gələcəyi ehtimalları qoy bizi yox, erməniləri narahat eləsin (necə ki edir də). Öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş qalib Azərbaycan isə ABŞ-dakı seçkilərin istənilən nəticələrinə hazırdır. Rəsmi Bakı respublikaçıların da, demokratların da təmsilçisi ilə eyni dərəcədə səmərəli əməkdaşlıq edə bilər.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri