Ohayo senatoru J.D.Vensin Respublikaçılar Partiyasından ABŞ-ın vitse-prezidentliyinə namizəd kimi irəli sürülməsi Ukrayna üçün “fəlakətdir”.
Bu fikri “Politico” nəşrinə Aİ-nin yüksək rütbəli rəsmiləri bildiriblər.
ABŞ Respublikaçılar Partiyasının qurultayından əvvəl Donald Tramp Ohayo ştatından senator J.D.Vensə noyabrda keçiriləcək prezident seçkilərində yenidən seçiləcəyi təqdirdə vitse-prezident vəzifəsini icra etmək təklifini açıqlamışdı. Daha sonra partiya qurultayı bu vəzifəyə senatorun namizədliyini irəli sürüb.
Nəşr onun adını açıqlamadan yazıb: “Avropa İttifaqının yüksək vəzifəli məmurlarından biri “Politico”ya Vensin təyinatının Ukrayna üçün “fəlakət” olduğunu deyib.
Senator Vens ABŞ-ın Ukraynaya çoxmilyardlıq hərbi yardımını ardıcıl tənqid etməsi və Rusiya Federasiyası ilə danışıqlar masası arxasına oturmağa çağırması ilə tanınır. Vens Ukraynanın bəyan etdiyi sərhədləri 1991-ci ildəki vəziyyətə qaytarmaq məqsədinin real olmadığını açıqlayıb. O, münaqişənin həlli üçün ölkənin neytral statusunu möhkəmləndirmək və ərazi mübahisələrini dondurmaq lazım olduğunu bəyan edib.//Publika.az