Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, FLİRT adlı yeni bir qrup Covid variantı dünyada dominant hala gəlir.
İctimai Rəy medicina.az-a istinadən bu variantlar haqqında bilməli olduğunuz məlumatları təqdim edir:
Yeni Covid variantları hansılardır?
FlİRT – variantların genetik kodundakı mutasiyaların adlarından istifadə edilməklə yaradılmış qeyri-rəsmi ləqəbdir. Bu, Omicron variantından mutasiyaya uğrayan və dominant olan JN.1 törəməsidir.
ÜST-nin infeksiyalarla bağlı may ayında açıqlanan son hesabatı yoluxmaların sayının əvvəlki aylarla müqayisədə azaldığını göstərir. Ancaq bu məlumatlar hələ də müntəzəm hesabat verən məhdud sayda ölkəyə aiddir. Dünyada Covid-19 testlərinə və hesabatına artıq əvvəlki kimi ciddi yanaşılmır.
“British Medical Journal” bildirir ki, Böyük Britaniyada SARS-CoV-2 testi müsbət çıxanların sayı may və iyun aylarında artıb.
“Avropanın bəzi yerlərində Covid-19 halları artmaqdadır. ABŞ-da da 1,4 faiz artım qeydə alınıb”, – deyə nəşr yazıb.
FLiRT variantlarının simptomları hansılardır?
Simptomlar Covid-19-un digər növləri ilə eynidir. Əlamətlər adətən virusa məruz qaldıqdan 5-6 gün sonra başlayır və 1-14 gün davam edir.
Ən çox görülən simptomlar:
* Qızdırma
* Titrəmə
* Boğaz ağrısı
Daha az rast gəlinən simptomlar:
* əzələ ağrısı, qollarda və ayaqlarda ağırlıq
* həddindən artıq yorğunluq
* burun axıntısı, burnun tutulması və asqırma
* göz ağrısı
* başgicəllənmə
* yeni və davamlı öskürək
* sinədə ağrı
* nəfəs darlığı
* səsin batması
* uyuşma
* iştahsızlıq, ürəkbulanma, qusma, qarın ağrısı və ya ishal
* dad və ya qoxu hisslərinin itirilməsi və ya dəyişməsi
* yuxuya getməkdə çətinlik çəkmək
ÜST deyir ki, aşağıdakı simptomları müşahidə edənlər dərhal tibbi yardıma müraciət etməlidirlər:
* xüsusilə istirahət edərkən nəfəs almaqda çətinlik çəkmək, cümlə qura bilməmək
* yuxululuq və ya şüur itkisi
* sinə içində daimi ağrı və ya təzyiq
* dərinin soyuması və ya mavi rəngə çevrilməsi
* danışıq və ya hərəkət itkisi
Peyvəndlər FLiRT variantlarına qarşı effektivdirmi?
Alimlər peyvəndlərin yeni variantlara qarşı təsirli olduğunu bildirirlər.
Buna baxmayaraq, səhiyyə orqanları 2022-ci ildən bəri peyvənd istehsalçılarından yeni variantları daha yaxşı hədəfləmək üçün Covid-19 peyvəndlərinin yeni versiyalarını hazırlamağı xahiş edirlər.