Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub-YENİLƏNİB

0

İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.

İctimai Rəy xəbər verir ki, görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi:

– Hörmətli İlham Heydər oğlu, Sizi bir daha görməyimə şadam.

Qarşılıqlı fəaliyyətimizin miqyası böyükdür, mənə elə gəlir ki, hətta hər gün, hər ay görüşsək, danışmaq üçün mövzularımız var. Diqqətinizi ona cəlb etmək istəyirəm ki, əsas məsələ – məhz qarşılıqlı iqtisadi-ticari fəaliyyət üzrə əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir. Dövriyyə dörd milyarddan çoxdur, məncə, 4,3-4,5 milyarddır və bu, Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa sərmayəsidir. Tendensiya yaxşıdır, məncə, ilin birinci yarısında artıq 13 faizlik artım var. Ümumiyyətlə, hər şey müsbət inkişaf edir.

İnfrastruktur sahəsindəki planlarımızı qeyd etmək istərdim və təbii ki, burada indi birinci yerdə məlum Şimal-Cənub magistralıdır. Ümidvaram ki, bu barədə də bir neçə kəlmə danışacağıq. Digər istiqamətlərdə, o cümlədən enerji və sənaye sahələrində əməkdaşlıq imkanları var. Sizinlə 2022-ci ildə imzaladığımız müqavilə əsasında fəaliyyət göstəririk. Bu, bütün sahələrdə əlaqələrin inkişafı üçün yaxşı zəmindir.

Mən humanitar sahəni də qeyd edəcəyəm. Məncə, Azərbaycanda Rusiya Mədəniyyəti Günləri yenicə başa çatıb. Mən Sizin rus dilinin dəstəklənməsinə şəxsi xüsusi diqqətinizi həmişə qeyd edirəm. Azərbaycanda rus dilində 300-dən çox məktəb fəaliyyət göstərir, gənclərə və uşaqlara rus dili öyrədilir. Bu, gələcəkdə də əlaqələrimizin qorunub saxlanılması və inkişafı üçün yaxşı zəmin və perspektivlər yaradır.

Sizi görməyimə çox şadam.

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Sağ olun Vladimir Vladimiroviç. Sizinlə yenidən görüşməyimə çox şadam.

Qeyd etdiyiniz kimi, məsələlər çoxdur. Amma prinsipcə, onları müzakirə etmək üçün biz demək olar ki, ayda bir dəfə görüşürük. Sonuncu dəfə aprelin ikinci yarısında Moskvaya səfər etdim. Ondan bir aydan bir qədər sonra yenidən görüşürük. Siz də qeyd etdiyiniz kimi, bu onu göstərir ki, böyük uğurla həll edilən çoxlu məsələlər var. Əlbəttə, həm keçən il, həm də bu il əmtəə dövriyyəsinin artması ölkələrimizin iqtisadiyyatlarının fəal qarşılıqlı fəaliyyət göstərdiyini nümayiş etdirir. Sevindirici haldır ki, həmçinin milli valyutalarda qarşılıqlı hesablaşmalar artır. Bu, Azərbaycanın Rusiyaya ixracında artıq 70 faizdən çoxdur, Rusiyanın Azərbaycana ixracında isə 50 faizə yaxındır. Beləliklə, Sizinlə bir neçə il əvvəl danışdıqlarımız artıq uğurla həyata keçirilir.

Humanitar əməkdaşlıq həmişə qarşılıqlı fəaliyyətimizin demək olar ki, əsasını təşkil edib. Sizə minnətdaram ki, Azərbaycanda rus dilinə, rus mədəniyyətinə, ədəbiyyatına olan münasibəti həmişə qeyd edirsiniz və yüksək qiymətləndirirsiniz. Azərbaycanda böyük uğurla keçirilən Rusiya Mədəniyyəti Günləri də bunu bir daha təsdiqləyir. Bizdə bir milyona yaxın şagird rus dilində təhsil alır, 150 min nəfər rus məktəblərində oxuyur, 800 min nəfər isə rus dilini ikinci dil kimi öyrənir. Yəni, bu, onu deməyə əsas verir ki, vətəndaşlarımızın gələcək nəsilləri də aktiv qarşılıqlı fəaliyyətdə olacaqlar və rus dilində Sizinlə mənim danışdığımız kimi danışacaqlar.

Keçən dəfə Moskvada “Şimal-Cənub” layihəsini müzakirə etdik. O vaxtdan bəri müsbət irəliləyişlər baş verdi. Bu barədə danışacağıq. Biz Azərbaycan ərazisində dəhlizin infrastrukturunu genişləndirmək əzmindəyik, fiziki cəhətdən mövcud olsa da, o, tərəfdaşlarımızın və qonşularımızın bu layihədən maksimum istifadə ilə bağlı niyyətlərinə uyğun gəlmir.

Həmçinin Siz qeyd etdiyiniz kimi, energetika sahəsində yeni ideyalar var, bizim müvafiq strukturlarımız daimi təmasdadır. Bu gün bu barədə də danışacağıq. Həmçinin başqa istiqamətlər üzrə də.

Qeyd etdiyiniz kimi, 2022-ci ildə biz uğurla həyata keçirilən Müttəfiqlik Bəyannaməsini imzaladıq və Bəyannamənin bütün bəndləri real həyatda öz əksini tapır. Artıq iki ildən artıqdır ki, müttəfiqlər kimi birgə işləyirik və yaxşı nəticələrə nail oluruq. Bu gün bu barədə daha ətraflı danışacağıq.

Sizinlə görüşmək imkanına görə bir daha təşəkkür edirəm.

X X X

Görüşdə Rusiya Prezidenti Vladimir Putin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına və sülh gündəliyinin irəli aparılmasına daim dəstək verməyə hazır olduğunu dedi. Bu əsnada müzakirələr aparıldı. Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi haqqında məlumat verdi.

Söhbət zamanı nəqliyyat, gəmiqayırma, əczaçılıq, avtomobil sənayesi sahələrində əməkdaşlıq, Rusiyanın avtomobil istehsal edən müxtəlif şirkətləri tərəfindən Azərbaycanda istehsalın təşkili məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Rusiyadan Azərbaycana gələn turistlərin sayında artım və Azərbaycanda Rus Dram Teatrının fəaliyyət göstərdiyi qeyd edildi.

***

İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.

***

Bu dəqiqələrdə Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilir.

İctimairey.az-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »