UNEC-in təşkilatçılığı ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransı keçirilir

0

Mayın 23-də Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Regional İnkişaf İctimai Birliyi (RİİB), Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin birgə təşkilatçılığı ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransı (ISCEMR-24) öz işinə başlayıb. “Yaşıl dünya naminə həmrəylik” ilinə həsr olunmuş və “Dayanıqlı İnkişafın Yeni Dövrü: Yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi” mövzusunda təşkil olunan bu ilki konfrans mayın 26-dək davam edəcək.

Tədbir iştirakçıları öncə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, Ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirin açılışında qonaqlar konfrans çərçivəsində UNEC tərəfindən nəşr olunan “Xülasələr kitabı”, “Yaşıl iqtisadiyyat” dərsliyi, “Yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf” məqalələr toplusu və “Türk dünyasında yeşil ve dönüşüm ekonomisi: Geçiş için yol haritası” kitabları ilə tanış olublar. İştirakçılara UNEC ilə EMERALD nəşriyyatının əməkdaşlığı əsasında nəşr olunacaq “Sustainable Development and Green Innovation: Managing risk through interdisciplinary approaches and policy strategies” kitabı barədə də məlumat verilib.

Rəsmi açılışda iştirakçıları salamlayan UNEC rektoru professor Ədalət Muradov beynəlxalq konfransda 39 ölkədən 374 tədqiqatçının iştirak edəcəyini və 42 sessiyada 245 tədqiqat işinin məruzə olunacağını bildirib. Ə.Muradov çıxışında UNEC-in İnkişaf Strategiyasının məqsəd və hədəflərindən söz açıb: “Bizim strateji məqsədimiz 2030-cu ilə qədər UNEC-i tədqiqat universitetinə çevirməkdir. Ən çox hədəflər də məhz elmi tədqiqatlarla bağlıdır”. Rektor UNEC-in elmi fəaliyyəti və əldə olunan nəticələr barədə metrik göstəriciləri də iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, “Scopus” bazasında indekslənən elmi əsərlərin 97 faizi, istinad sayının 99 faizi, xarici müəllifli elmi əsərlərin 99 faizi, “Web of Science” bazasında indekslənən elmi əsərlərin 90 faizi, istinad sayının 93 faizi, xarici müəllifli elmi əsərlərin 87 faizi məhz 2014-2024-cü illərin payına düşür. Ə.Muradov “Scimago”da dünya universitetlərinin reytinqinə əsasən, UNEC-in 2023-cü ildə Azərbaycan üzrə 1-ci yerdə qərarlaşdığını vurğulayıb. Q1 kvartilli jurnallarda dərc olunan məqalələrin sayına görə UNEC-in ölkədə lider olduğunu diqqətə çatdırıb.

Elm və təhsil naziri Emin Əmrullayev UNEC tərəfindən ənənəvi olaraq, hər il keçirilən ISCEMR konfransının ölkədə təhsilin və elmin inkişafına təkan verdiyini bildirib. UNEC-də elmi fəaliyyətin artan dinamikasını yüksək qiymətləndirən nazir, Dövlət Proqramı ilə doktorantura üzrə xaricdə təhsil alan gənclərin sayına görə UNEC-in xüsusi olaraq fərqləndiyini deyib. E.Əmrullayev elmi tədqiqatların maliyyələşdirilməsi məsələsinə də toxunub: “Son bir neçə ildə bir sıra universitetlərimizin elmi-tədqiqat işlərində kəmiyyət və keyfiyyət dəyişiklikləri müşahidə olunur. Ali təhsil müəssisələrindən daha çox elmi-tədqiqat aparmalarını istəyiriksə, tədqiqatların maliyyələşmə formasına yenidən baxılmalıdır”. Nazir doktorantura proqramlarında köklü dəyişikliklərin aparılmalı olduğunu vurğulayaraq, bu istiqamətdə kredit əsaslı proqramların yaradılmasının zəruriliyini də qeyd edib.

Türkiyənin Rəqabət Qurumunun rəhbəri Birol Küle iqtisadiyyatların dayanıqlılığının təmin edilməsi məqsədilə ölkələr arasında birgə əməkdaşlığın əhəmiyyətindən danışıb. O, ölkədə rəqabətin təmin edilməsi məqsədilə uğurlu işlərin, layihələrin icra edildiyini bildirərək, hər iki ölkənin davamlılığının inkişafı üçün ortaq zəminin yaradılacağını deyib.

RİİB-in təhsil və ekoloji layihələr üzrə koordinatoru Simuzər Fərəczadə isə iqlim dəyişikliklərinin mənfi təsirlərinin azaldılması, keyfiyyətli ətraf mühitin formalaşdırılması, yaşıl iqtisadiyyata transformasiya və bu istiqamətdə digər sahələr üzrə görülən işlərdən söz açıb.

Açılış nitqlərindən sonra çıxış edənlərə plaketlər təqdim olunub. Konfrans “Azərbaycan universitetlərində dayanıqlı inikşaf: bərpa olunan enerji və iqlim”, “Gələcəyi istiqamətləndirmək: Dayanıqlı gələcək üçün iqlim dəyişikliklərinin maliyyələşdirilməsində yeniliklər” adlı panel sessiyalarla davam edib.

Konfrans çərçivəsində mayın 24-də Heydər Əliyev Mərkəzində “Bərpa olunan enerji mənbələrindən istifadə və iqlim dəyişikliyi fonunda Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadi irəliləyişlər”, “Dayanıqlı inkişaf yolunda ortaq rəqabət: Əsas istiqamətlər və çətinliklər”, “Yaşıl iqtisadiyyata və texnologiyalara keçiddə özəl təşəbbüslərin rolu” və “Türk Dünyasında yaşıl və dairəvi iqtisadiyyat: keçid üçün yol xəritəsi” kimi mövzularda maraqlı müzakirələr aparılacaq. Panel müzakirələrdə yerli və xarici dövlət və özəl sektor qurumlarının rəhbər şəxsləri ilə yanaşı, beynəlxalq təşkilatların və xarici universitetlərin mütəxəssisləri olan, ümumilikdə 28 spiker iştirak edəcək ki, onlardan 17-si xarici ölkələrin təmsilçiləridir.

Qeyd edək ki, konfransa yaşıl iqtisadiyyat, dayanıqlı inkişaf, bərpaolunan enerji mənbələri, iqlim maliyyələşməsi və s. kimi aktual mövzuları əhatə edən 245 tədqiqat işi məruzə olunmaq üçün qəbul edilib. Tədqiqat işləri əsasında hazırlanacaq kitab dünyanın bir çox nüfuzlu akademik bazalarında indekslənəcək.

Konfransda iştirak edən yerli və xarici qonaqlara dibçəklərdə zeytun ağacları hədiyyə olunub. Aksiyanın məqsədi konfrans çərçivəsində ölkəmizin bütün guşələrində ağac əkmək və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verməkdir. “Paşa Holding”in baş sponsorluğu ilə keçirilən konfrans çərçivəsində Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının dəstəyi ilə mayın 26-da isə ağacəkmə aksiyası keçiriləcək. Aksiyada konfrans iştirakçıları tərəfindən iqlim şəraitinə uyğun 300-dən çox ağacın əkilməsi nəzərdə tutulur.

Konfrans UNEC-in rəsmi facebook səhifəsində canlı yayımlanıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »