Həqiqətləri təhrif edənlər…

0

Belarus prezidenti Aleksandr Lukaşenkonun dili hər zaman həm öz başına, həm də KTMT-nın (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) başına bəla olub. Bu adam orijinal və müstəqil fikir sahibi kimi görünmək xatirinə tez-tez yersiz açıqlamalar verir və nəticədə isə qalmaqala səbəb olur.

İctimai Rəy xəbər verir ki, araşdırmaçı jurnalist Bəybala Mirzəyevin bildirdiyinə görə, Lukaşenkonun bu yaxınlarda Azərbaycanda səfərdə olarkən 44 günlük müharibə ilə bağlı səsləndirdiyi ehtiyatsız fikirlər Ermənistanın fürsətçi baş naziri Nikol Paşinyanın KTMT-nın üzvlərini yenidən ittiham etməsinə şərait yaradıb. Paşinyan mayın 22-də parlamentdəki “Hökumət saatı”nda çıxış edərkən həmin dövrdə Ermənistana qarşı müharibə hazırlayan ən azı iki KTMT ölkəsini tanıdığını bildirib və bu ölkələrin guya Ermənistana kömək etmək istəyi imitasiyasını yaratdıqlarını vurğulayıb.

Ermənistanın baş naziri daha sonra 44 günlük müharibə zamanı həmin iki ölkənin əsas məqsədinin müstəqil Ermənistan dövlətini dağıtmağa cəhd etmək olduğunu bildirib.

Paşinyan çıxışında konkret olaraq KTMT üzvü olan hansı iki ölkəni nəzərdə tutduğunu açıqlamasa da, lakin siyasi ekspertlər onun Rusiya və Belarusa eyham vurduğunu qeyd edirlər. Ermənipərəst deputat Konstantin Zatulin də Paşinyanın məhz bu iki ölkəni nəzərdə tutduğunu bildirib.

Paşinyanın bu son ittihamı təbii ki, Moskvada mənfi qarşılanıb. Hərçənd ki, Ermənistan liderinin Rusiyanın adını çəkməməsinə baxmayaraq Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın Nikol Paşinyanın KTMT-nın ünvanına səsləndirdiyi ittihamlara cavabI özünü çox gözlətməyib. Belə ki, o, Paşinyanın İkinci Qarabağ müharibəsi zamanı KTMT-nin iki ölkəsinin Ermənistana yardımı imitasiya etməsi barədə bəyanatına kinayəli tərzdə reaksiya verib.

M.Zaxarovanın cavabı:
“Mən düzünü desəm, Ermənistan Baş nazirinin hansı ölkələri nəzərdə tutduğunu bilmək istəyirəm. Bu nədir? Biz hamımız özümüz təxmin etməliyik, yoxsa bizə sonra söyləyəcəklər? Məntiqli olardı ki, həmin ölkələrin adları səsləndirilsin. Əlbəttə, əgər burada söhbət ciddi bəyanatdan söhbət gedirsə… Biz bunu rəsmi İrəvanın öhdəsinə buraxırıq. O ki qaldı Rusiyaya, o, hər şeyi edib”.

Rusiya XİN-in sözçüsü “Rusiya hər şeyi edib”deyərkən, sözsüz ki, Vladimir Putinin 44 günlük İkinci Qarabağ müharibəsinin dayandırılması üçün səylərini nəzərdə tutur.

Əsl həqiqətdə isə istər Lukaşenkonun yersiz açıqlaması, istərsə də Paşinyanın həmin açıqlamadan irəli gələn tələsik ittihamları 44 günlük müharibə ilə bağlı gerçəklikləri təhrif edir. Çünki İkinci Qarabağ müharibəsinin hazırlanmasında nə Rusiyanın, nədəki Belarusun heç bir iştirakı olmayıb.

44 günlük müharibə 2020-ci ilin iyul-sentyabr aylarında Ermənistanın növbəti təxribatlarına cavab olaraq rəsmi Bakının əks hücum qərarı ilə başlayıb. Türkiyə isə nə Rusiyanın, nə İranın, nədəki Fransa və digər ölkələrin müharibəyə müdaxilə etməməsi və Ermənistana yardım göstərməmələri üçün qəti siyasi iradə nümayiş etdirib və Azərbaycanın yanında olduğunu bəyan edib. Bəli, 44 günlük müharibə ilə bağlı əsl həqiqət müxtəsər olaraq bundan ibarətdir.

Ona görə də Lukaşenkonun özünü ortaya atması və Paşinyanın da erməni sırtıqlığına salaraq 44 günlük müharibədə guya əsas məqsədin Ermənistanı bir dövlət kimi məhv etmək planından ibarət olduğunu iddia etməsi tamamilə cəfəngiyyatdır.

44 günlük müharibə qədim Karfagen müharibəsi (və ya Pun müharibəsi) kimi uzaq tarixdə baş verməyib ki, onun başlanma səbəblərini və məqsədini hərə öz istədiyi kimi yozsun və ya təhrif etsin.

P.S.
Lukaşenko və Paşinyan kimi liderlər publikaya oynamağı və “nəlbəkidə fırtına” yaratmağı çox sevirlər. Lakin əslində isə onlar ikisi də dillərini (nitqlərini) idarə edə bilməməyin əziyyətini çəkirlər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »