Deputat ŞAD XƏBƏRİ açıqladı: Maaşlar, pensiyalar arta bilər

0

2024-cü ilin büdcəsinə dəyişikliklər gözlənilir.

İctimai Rəy xəbər verir ki, bunu “Report”a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Onun sözlərinə görə hələlik bununla bağlı qanun layihəsi parlamentə daxil olmayıb:

“İlin birinci yarısında neftin qiyməti kifayət qədər yüksək olub. Ona görə, dövlət büdcəsinə əlavə vəsait daxil olub. Həmin vəsaitin xərclənməsi, yönəldiləcəyi istiqamətlər müzakirə edilə bilər. Prezident İlham Əliyev azad olunmuş ərazilərdə görülən işləri sürətləndirmək, əhalinin doğma torpaqlarına qayıdışını tezləşdirmək üçün addımlara önəm verdiyini bəyan edib. İkinci vacib sahə müdafiə və təhlükəsizlikdir. Sosial müdafiə sahəsinə də ayrılan vəsaitin artırılması müzakirə oluna bilər”.

2024-cü ilin dövlət büdcəsində neftin qiymətinin 60 dollardan götürüldüyünü xatırladan Vahid Əhmədov bildirib ki, büdcəyə yenidən baxılsa, bu rəqəm dəyişə bilər:

“Neftin qiymətini 70-75 dollardan da götürmək olar. Çünki hazırda neftin bir barelinin bazar qiyməti 90 dollara yaxındır. Amma əsas məsələ, daxil olan əlavə vəsaitin hansı istiqamətlərə yönəldiləcəyidir. Büdcə daxilolmalarının artıq olması təkcə neftin payına düşmür. Digər sahələrdən gəlirlər nəzərdə tutulandan da yüksək ola bilər. Dediyim kimi, sənəd Milli Məclisə daxil olduqda, bu barədə dəqiq məlumat verə bilərik”.

Qeyd edək ki, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri isə 36 milyard 763 milyon manat məbləğində təsdiq edilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »