Xankəndidə separatçı-terrorçular qondarma “müstəqillik” gününü qəbiristanlıqda keçirdi: Ermənistan rəhbərliyindən heç kim “mərasimə” qatılmadı, o cümlədən, keçmiş prezidentlər – Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan gəlmədi.
Separatçıların qondarma “parlament sədri” Artur Tovmasyan Ermənistanın baş nazirinə, prezidentinə, parlament sədrinə, o cümlədən, keçmiş prezidentlərin hamısına dəvət göndərdiklərini deyir.
Azərbayan sərhədləri daxilində separatçıların “müstəqillik” adına istənilən addımı qəbuledilməzdir, lakin hazırda müdaxilə üçün şəraitin yetişmədiyi görünür və ermənilərin dediklərindən aydın olur ki, Bakı hələ ki bir sıra məsələlərə veto qoya bilir.
Birincisi: “Mərasimin” daha təntənəli keçirilməsi, hərbi yürüşün edilməsinə icazə verilməyib.
Separatçılar bunu müharibədən sonra yas saxlamaları ilə əlaqələndirirlər, hərçənd, erməni mənbələr yürüş üçün sülhməramlılarla danışıqlar aparıldığını, lakin istəklərinə nail ola bilmədiklərini yazır.
İkincisi: separatçı-terrorçular qondarma “müstəqilliklə” bağlı tədbirlərini 25 gün – sentyabrın 27-nə qədər davam etdirəcəklər. Jurnalistlər Tovmasyandan hansı tədbirlərin keçiriləcəyini soruşsalar da, o, bu barədə danışmaq istəmədiyini deyib. Erməni mənbələr əslində heç bir tədbirin keçirilməyəcəyini yazır, çünki Bakının tələbi əsasında sülhməramlılar separatçı-terrorçulara maksimum “gözə görünməməyi” tapşırıb.
Üçüncüsü: Ermənistan rəhbərliyi Xankəndinə gələ bilmir. Paşinyan müharibədən sonra həm qarşılaşacağı etirazlara, həm də bunun “yeni müharibə” təhlükəsi yaradacağına görə bölgəyə gəlmir. Lakin yeni xarici işlər naziri Ararat Mirzoyanın sələflərindən fərqli olaraq, ilk səfərini Xankəndinə etməməsini erməni mediası Bakının qadağası kimi şərh edir. Keçmiş xarici işlər naziri Ara Ayvazyanın müharibədən sonra Xankəndinə səfəri rəsmi Bakı tərəfindən sərt reaksiyaya səbəb olmuşdu.
Bu gün Xankəndidə yaşananlar, Tovmasyanın dedikləri göstərir ki, separatçı-terrorçular dəfn edildiklərini özləri də anlayır.//publika//
Asif Nərimanlı