İsveçrədən Rusiyaya yaxın ölkələrə ixrac əhəmiyyətli dərəcədə artıb və bu da Kremlə qarşı sanksiyalardan mümkün yayınma kimi qiymətləndirilə bilər. Məsələn, bu məsələdə Ermənistanla bağlı nümunə ixracın artımının miqyasını göstərir.
“Report” xəbər verir ki, bu barədə İsveçrənin “SRF” teleradiosunun hazırladığı materialda qeyd edilib.
“Rusiyanın Ukraynaya təcavüzündən bəri Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 28 fevral 2022-ci ildə İsveçrə də Avropa İttifaqının sanksiyalarını qəbul edib. O vaxtdan bəri, tibbi ləvazimatlar kimi bəzi tələblər istisna olmaqla, Rusiyaya ixrac qadağan edilib”, – materialda qeyd edilib.
Ancaq Ermənistan, Qazaxıstan və ya Gürcüstan kimi Rusiyaya yaxın ölkələrlə ticarət sanksiyalara məruz qalmır.
Sankt-Qallen Universitetinin iqtisadçısı Stefan Leqqenin (Stefan Legge) fikrincə, bu ölkələrə ixracın artması sanksiyaların aradan qaldırılması üzrə əməliyyatların mövcudluğundan xəbər verir: “Rusiya ordusu Ukraynaya hücum edən kimi İsveçrənin bəzi ölkələrə ixracı artdı. Bundan əlavə, eyni dövrdə üçüncü ölkələrdən Rusiyaya ixrac da müvafiq olaraq artıb. Bu əsasda dolayı işarələrin müəyyən məntiqi zəncirini qurmaq mümkündür”.
Bu məsələdə Ermənistanla bağlı nümunə bunu xüsusilə göstərir: “İsveçrənin bu ölkəyə ixracı, o cümlədən sanksiyalara məruz qalmayan əczaçılıq məhsulları, müharibənin birinci ilində 2021-ci illə müqayisədə üç dəfədən çox artıb. Eyni zamanda Ermənistandan Rusiyaya ixrac 198 faiz artıb”.
Üçüncü ölkələr vasitəsilə malların daşınması Çin və ya Türkiyə kimi daha böyük ölkələr vasitəsilə də həyata keçirilə bilər. Bununla belə, iqtisadçının fikrincə, Rusiyaya yaxın ərazidə yerləşən ölkələr sanksiyalardan yan keçmək üçün daha uyğundur, çünki bu ölkələr həm coğrafi, həm də siyasi baxımdan Moskvaya kifayət qədər yaxındırlar.
“Belə yan keçmə əməliyyatlarının qarşısını almaq olduqca çətindir. Ticarət həmişə bir boşluq tapacaqdır. Bununla belə, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) nəzarət rejimini gücləndirməyə və təkmilləşdirməyə çalışır”, – S.Leqqe bildirib.