Partiya demokratiyasının təzahürü

0

Azərbaycanda prezidentliyə namizədliyin qeydə alınması prosesi başa çatdı. 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərində ümumilikdə 7 nəfərin namizədliyi qeydə alındı. Bununla da tələb olunan sənədləri vaxtında Mərkəzi Seçki Komissiyasına təqdim etmiş namizədlərin hamısı qeydə alınmış oldu. Seçki prosesinin gedişatı haqqında və məsələ ilə əlaqədar bəzi siyasətşivənlərin informasiya təxribatları ilə bağlı vaxtaşırı mülahizələrimizi bölüşürük. Buna böyük zərurət var. Təkcə ona görə yox ki, əhali maarifləndirilməlidir, bu həm də seçkiləri ölkədə sabitliyi pozmaq üçün fürsət bilənlərin tətbiq etdikləri “kirli” texnologiyaların ifşa olunması, xain təxribatların qarşısının vaxtında alınması baxımından vacibdir. Çünki digər məsələlərdə dözümlülüyün nümayişi müəyyən mənada mümkündürsə, ölkənin taleyüklü məsələsi olan prezident seçkilərində qərəzli informasiya manipulyasiyaları yolverilməzdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər politoloq A.Adilin “Partiya demokratiyasının təzahürü” sərlövhəli məqaləsində yer alıb.

Bu yazıda məsələyə bir qədər fərqli rakursdan yanaşan politoloq qeyd edib: “Bildiyiniz kimi, demokratik təcrübənin şaxələnməsi bilavasitə dayanıqlı demokratik ənənələrin dərinləşməsinə xidmət edir. Demokratik ənənələr isə ölkədə demokratik münasibətlərin mövcudluğunun zəmanətidir. Daha aydın şəkildə ifadə etməli olsaq deyə bilərik ki, konkret ölkədə demokratik təcrübənin çeşidlənməsi demokratik inkişaf prosesini hər hansı bir kənar təsirdən və təsadüfi hallardan sığortalayır. Belə ki, qeydə alınan namizədlərin siyahısına diqqət yetirsək görə bilərik ki, onlardan 5-i bilavasitə siyasi partiyalardan, 2-si isə öz təşəbbüsü ilə namizədliyi irəli sürülənlərdir. Diqqətimizi təfərrüatlardan daha çox qeyd olunan məsələnin mahiyyətinə yönəltsək, o zaman siyasi partiyalarının ölkənin həyatında artan rolunu görə bilərik. Ölkənin bir nömrəli vəzifəsi uğrunda 5 siyasi partiyanın rəhbəri rəqabət aparacaqdır. Qeyd olunan amil bilavasitə partiya demokratiyasının təzahürüdür.

Sözsüz ki, qeyd olunan təcrübə siyasi partiyaların ölkənin siyasi-ictimai həyatındakı rolunu və əhəmiyyətini artırır. Kimsə xatırlaya bilərmi ki, dünyada “siyasi dəbi” müəyyən etmək iddiasında olan ABŞ-da prezident seçkilərinin sonuncu mərhələsində 5 siyasi partiyanın nümayəndəsi birlikdə nə zaman iştirak edib? Əlbəttə ki, yox. Nədənsə demokratiya beşiyi olan ABŞ-da prezident seçkilərinin sonuncu mərhələsində iki nəfərdən artıq namizədin iştirakında maraqlı deyil. Burada seçkilər daha çox öz aralarında maliyyə məsələlərində sövdələşmiş iki siyasi partiyanın siyasi şousuna bənzəyir. “Demokratiya beşiyi” olan ABŞ-da təşkil olunan seçkilər ilə bağlı bilmək lazım olan həqiqət budur”.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə son dövrdə siyasi partiyalar müstəvisində aparılan islahatların təyinatı zaman keçdikcə bizə daha aydın olur. Xüsusilə son üç ildə hamımız ona şahidlik edirik ki, ölkəmizdə siyasi partiyalarının inkişafına nə qədər böyük diqqət ayrılır və bu istiqamətdə islahatlar davamlı prosesdir. Siyasi partiyalar artıq ölkənin siyasi sistemində fəal bəndlərə çevriliblər. Burada məsələnin mahiyyətinə diqqət yetirsək çəkinmədən deyə bilərik ki, qeyd olunan təşəbbüslər bilavasitə ölkənin demokratik ənənələrinin zənginləşdirilməsinə xidmət edir.

Qərəz dolu, eyni zamanda, məntiq və rasionallıqdan məhrum olmuş bizim psevdopatriotlar hadisələrə obyektiv baxa bilsələr, o zaman başa düşərlər ki, siyasi partiyalar müstəvisində aparılan bütün islahatlar cəmiyyətdə olan mütərəqqi potensialın səfərbər olunmasına, siyasətdə sağlam rəqabət mühitinin yaradılmasına, habelə bu istiqamətdə əməkdaşlığın bilavasitə dövlət və cəmiyyətin inkişafına yönəlməsinə xidmət edir. Obyektivlik naminə bildirməliyik ki, siyasi partiyalar müstəvisində aparılan rəqabət uzun illərdir “siyasi lider” məfhumundan məhrum olmuş müxalifət üçün əlavə şans yaradır. Bunu anlamamağın tək bir səbəbi ola bilər – qərəz dolu xəstə ambisiyalar.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »