Rusiyanın Ufa şəhərində keçirilən gənc güləşçilərin dünya çempionatı sona yaxınlaşır.
İctimairey.az xəbər verir ki, çempionatın sonuncu günündə – avqustun 22-də üç yunan-Roma güləşçimiz xalça üzərinə çıxacaq.
Nihat Məmmədli (60 kiloqram) səkkizdəbir finalda Hindistan idmançısını çətinlik çəkmədən üstələyib. Tacikistandan olan rəqibinə də heç bir şans tanımayan N.Məmmədli adını yarımfinala yazdırıb. Ancaq idmançımız Rusiya güləşçisi ilə bacarmayıb. Millimizin üzvü bürünc medal uğrunda görüşə çıxacaq. Güləşçimizin rəqibi Əhməd Baqduda (Misir) – Şerməhəmməd Şaribcanov (Özbəkistan) cütünün qalibi olacaq.
Güləşçimiz Həsrət Cəfərov (67 kiloqram) dünya çempionatına inamlı start verərək finlandiyalı rəqibini elə ilk hissədə tam üstünlüklə məğlub edib. Həmyerlimiz Gürcüstan güləşçisinə də eyni aqibəti yaşadıb. H.Cəfərov dörddəbir finalda yerli güləşçi ilə gərgin keçən mübarizədən də qalib ayrılaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında Fransanı təmsil edən erməni güləşçisi ilə qarşılaşan həmyerlimiz bu rəqibinə də tam üstünlüklə qalib gəlib.
Qızıl medal uğrunda görüşdə güləşçimiz ermənistanlı Sahak Hovannisyan ilə qarşılaşacaq.
Xasay Həsənli (72 kiloqram) debütdə İsveçrə güləşçisindən güclü olub. Ancaq dörddəbir finalda son Avropa çempionu olan gürcüstanlı rəqibi ilə bacarmayıb. Ancaq Gürcüstan pəhləvanı finala yüksəldiyi üçün X.Həsənli təsəlliverici görüşə çıxacaq. Güləşçimizin rəqibi Belarus təmsilçisi Andrey Kavalevski olacaq.
Təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 15:00-da, medallar uğrunda qarşılaşmalar isə 17:00-da başlayacaq.
İctimairey.az