Rusiya Bakının 4 regionda keçmiş seçkilərlə bağlı bəyanatları ilə əlaqədar Azərbaycana demarş bildirib. Buna səbəb Azərbaycan XİN-nin Ukraynanın ərazi bütövlüyünü tanımasını bəyan etməsidir.
İctimai Rəyin xarici KİV-lərə istinadən məlumatına görə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib ki, bu cür bəyanatlar qəbuledilməzdir və ölkələr arasında müttəfiqliyin xarakterinə uyğun gəlmir.
“Hesab edirəm ki, azərbaycanlı dostlarımız yeni regionların tarixini yaxşı bilirlər”, – Zaxarova bildirib.
Qeyd edək ki, Azərbaycan XİN 9 sentyabrda bəyanat yayaraq, Ukrayna və Azərbaycanın bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini açıqlayıb.
“Bundan irəli gələrək, Azərbaycan Ukrayna ərazisində bu dövlətin Konstitusiyasına və qanunvericiliyinə uyğun şəkildə keçirilən istənilən seçkinin legitim ola biləcəyini bəyan edir.
Azərbaycanın bu prinsipial mövqeyi beynəlxalq hüququn dövlətlərin suverenliyinə aid olan hüquqlara hörmətlə bağlı universal şəkildə tanınmış norma və prinsiplərinə əsaslanır.
Bu meyarlara cavab vermədiyi üçün Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son “seçkilər”in ümumiyyətlə heç bir qanuni qüvvəsi yoxdur”, – bəyanatda bildirilib.