Özbəkistan bir çox parametrlərə görə hazırda Mərkəzi Asiya respublikaları arasında ön sırada dayanır və lider dövlət sayılır. Əvvəllər Qazaxıstan da belə bir mövqeyə sahib idi. Lakin Şavkat Mirziyoyevin prezidentliyi dönəmində bölgənin geosiyasi və geoiqtisadi reallıqları tədricən dəyişdi və nəticədə liderlik statusu Qazaxıstandan Özbəkistana keçdi. Bu, eyni zamanda tarixdə şəxsiyyətin rolunu təsdiqləyən amillərdən biridir. Şavkat Mirziyoyev həqiqətən də güclü siyasi liderdir. Və hazırda bütün Mərkəzi Asiya regionunun lider dövləti sayılan Özbəkistan Respublikasının birinci şəxsinin Azərbaycanla dostluq və əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verməsi olduqca vacib məqamdır.
Şavkat Mirziyoyevin növbəti dəfə Özbəkistan Prezidenti seçilməsindən sonra ilk olaraq məhz Azərbaycana səfər etməsi də onun ölkəmizə xüsusi dəyər verməsinin göstəricisidir, bizim qardaşlığımızın və dostluğumuzun göstəricisidir. Ümumiyyətlə, özbəklər Azərbaycana qarşı həmişə isti münasibətləri ilə fərqləniblər. Lakin ölkələrimiz arasında münasibətlərin inkişafında dövlət başçılarının səfərləri heç şübhəsiz ki, xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında İlham Əliyev və Şavkat Mirziyoyevin qarşılıqlı səfərləri və eləcə də şəxsi münasibətləri həlledici rol oynayır. İki qardaş ölkənin dövlət başçıları tez-tez baş tutan rəsmi səfərlər zamanı və müxtəlif beynəlxalq tədbirlər çərçivəsində reallaşan görüşlərdə ikitərəfli münasibətlərin inkişafı üçün əhəmiyyət kəsb edən aktual məsələləri müzakirə edib, əlaqələrimizi daha da möhkəmləndirirlər.
Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olan ölkələrimizin həm Türk dünyasının perspektivlərinə münasibətdə, həm də bir çox beynəlxalq məsələlərdə mövqeləri bir-birinə həddindən artıq yaxındır. Bu mənada Azərbaycanı əminliklə istər Cənubi Qafqazda, istərsə də türk dövlətləri arasında Özbəkistanın əsas tərəfdaşı hesab etmək olar. Özbəkistanın türk dünyasına inteqrasiya olunması və Türk Dövlətləri Təşkilatı ilə sıx münasibətlərinin qurulmasında Azərbaycan Prezidenti İlham Əliyevin səyləri mühüm rol oynayıb. Özbəkistan lideri də bunun fərqindədir və Azərbaycanın Türk dünyasnın möhkəmlənməsində xüsusi rolunu yüksək qiymətləndirir.
Azərbaycanın Özbəkistanla münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bu iki ölkənin sıx iqtisadi, siyasi, mədəni, humanitar əlaqələrə malik olması Azərbaycan və Özbəkistanı bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verən aparıcı ölkələrə çevirməkdədir. Bu gün Azərbaycanın Türkiyə ilə Mərkəzi Asiyanın türk dövlətləri arasında mühüm körpü rolu oynaMası danılmazdır. Özbəkistan da Azərbaycanın səyləri nəticəsində Türk dünyasının ən fəal aktorlarından biri kimi önə çıxmaqdadır. Bu da onu deməyə əsas verir ki, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur.
Özbəkistanı bizim üçün əhəmiyyətli edən, onu azərbaycanlıların rəğbət bəslədiyi ən yaxın ölkələrdən birinə çevirən bir sıra digər amilləri də xüsusilə qeyd etməliyik. Özbəkistan ilk növbədə özünü dostluğa, qardaşlığa sadiq ölkələrdən biri kimi tanıtdırıb. Və bu ölkədə hazırda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq, Özbəkistan indiyə qədər təcavüzkar Ermənistanla diplomatik münasibətlər qurmayıb. Bu gün Daşkənddə Ermənistan səfirliyi, İrəvanda isə Özbəkistan səfirliyi fəaliyyət göstərmir. Bu, qardaş Özbəkistan dövləti üçün prinsipial məsələlərdən biridir. Özbəkistanın məhz Qarabağa görə Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina etdiyini ermənilər özləri də yaxşı bilirlər.
Həmçinin işğaldan azad edilmiş Qarabağın bərpası da bu gün Özbəkistan hökumətinin diqqət mərkəzində saxladığı əsas məsələlərdən biridir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunmasına da bu kontekstdən qiymət verilməlidir. Özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan sözügedən məktəbin inşa olunması Azərbaycana münasibətdə əsl qardaşlıq, həmrəylik və dəstək jestidir. Bu məktəbin açılması Qarabağın bərpası işinə xarici dövlətin ilk hədiyyəsi kimi də mühüm tarixi hadisədir. Ona görə də Uluqbəy məktəbi təkcə təhsil ocağı kimi deyil, həm də bizim dostluq və qardaşlığımızın simvolu olacaq.
Ümumiyyətlə, dövlət başçılarımızın uzaqgörən, praqmatik siyasətinin nəticəsi olaraq bu gün Bakı ilə Daşkənd arasında qurulan yüksək səviyyəli əməkdaşlıq ölkələrimizin və xalqlarımızın ümumi maraqlarına xidmət edir. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşılıqlı səfərləri təkcə iki ölkə arasında mövcud olan tarixi birliyi nümayiş etdirmək məqsədi güdmür. Bu səfərlər eyni zamanda iki ölkə arasındakı energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlər, hərbi əməkdaşlıq sahələrində münasibətləri strateji müstəvidə genişləndirmək məqsədinə xidmət edir. Biz əminik ki, Azərbaycan və Özbəkistan ictimaiyyəti qarşılıqlı səfərlərin, aparılan danışıqların müsbət nəticələrini həm Azərbaycanda, həm də Özbəkistanda böyük layihələrin birgə icrasında görəcəklər. Başqa sözlə desək, iki qardaş ölkə arasında çoxşaxəli əməkdaşlığın praktik nəticələri tezliklə özünü göstərəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri