Son 200 ildə milli müstəqilliyimiz və dövlətçiliyimizlə bağlı zaman-zaman ağrılı proseslər yaşamışıq. Dövlətçiliyimizin tənəzzülə uğradığı məqamlar da, müstəqilliyimizi yenidən bərpa etdiyimiz anlar da bir-birini daim əvəz edib. Lakin son 200 illik dövrdə müstəqilliyimiz heç vaxt indiki qədər uzunömürlü, dövlətimiz isə bu qədər güclü və qüdrətli olmayıb. Xüsusən də son 20 ildə Azərbaycan öz dövlətçilik tarixinin ən güclü və qalibiyyətli dövrünü yaşamaqdadır. Prezident İlham Əliyevin də çıxışlarının birində səsləndirdiyi kimi, indi Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmayıb, heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmayıb.
Biz dövlət başçımızın böyük bir özgüvən, inam hissilə söylədiyi bu sözlərin inikasını, təsdiqini Azərbaycanın son 20 ildə əldə etdiyi uğurlarında və qarşıya qoyduğu böyük hədəflərində görə bilərik. 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbədən sonra Azərbaycan dövləti və xalqı daha böyük uğurlara doğru inamla addımlamağa hədəflənib, köklənib. Qələbənin, uğurların anonsu isə sonuncu dəfə 2018-ci il aprelin 11-də baş tutmuş növbədənkənar prezident seçkiləri ərəfəsində verilmişdi.
Həmin vaxt “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var” deyən Prezident və Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin iri miqyaslı təxribat hücumunun qarşısı qətiyyətlə alındı və əks-hücum əməliyyatı başlandı. Bu, tariximizə qızıl hərflərlə yazılan İkinci Qarabağ müharibəsi idi. Beləliklə, 44 gün davam edən bu müharibə nəticəsində 30 ilə yaxın davam edən düşmən işğalına son qoyuldu, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildi.
İkinci Qarabağ müharibəsində xalq da, siyasi qüvvələr də Ali Baş Komandanının ətrafında sıx birləşmişdi. Həmin günlərdə milli birliyimiz, həmrəyliyimiz daha da güclənmişdi. Xalqın Prezidentə inamı və dəstəyi ən yüksək səviyyədə idi. Biz bu inam və dəstəyi 2018-ci il 11 aprel prezident seçkilərində də müşahidə etmişik. Belə ki, “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin həmin vaxt prezident seçkiləri ərəfəsində ölkədə mövcud ictimai-siyasi durumun qiymətləndirilməsinə dair keçirdiyi ekspress rəy sorğusunun nəticələri də bu fikrimizi təsdiqləyir.
Sözügedən sorğunun nəticələrinə görə, respondentlərin 92,8 faizi Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit kimi qiymətləndirmiş və “Gələn həftə prezident seçkiləri keçiriləcəyi halda kimə səs verərdiniz” sualına verilən cavabda isə respondentlərin 85,2 faizi İlham Əliyevə səs verəcəyini qeyd etmişdi. Bir həftə sonra baş tutan seçkinin real nəticələri bu proqnozu doğrultdu. Azərbaycan seçicilərinin mütləq əksəriyyəti – 86 faizindən çoxu İlham Əliyevə səs verdi, və o, yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Ötən 5 il ərzində İlham Əliyev verdiyi vədlərin əksəriyyətini doğruldub və bu illər ərzində Azərbaycan daha da güclənib. Dünyada baş verən qlobal təlatümlər fonunda Azərbaycan dayanıqlı sabitliyi və davamlı inkişafı ilə diqqəti cəlb edir. Azərbaycan liderinin müstəqil daxili və xarici siyasəti ölkəmizi qlobal aləmdə baş verən bütün böhranlardan, problemlərdən sığortalayır. Son beş ildə Azərbaycanda siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və elektron KİV-in, habelə çap mediasının normal fəaliyyətinin təşkili istiqamətində də dövlət dəstəyi gücləndirilib.
Həmçinin işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq-bərpaişlərinə başlanılıb. Artıq keçmiş məcburi köçkünlərimizin tədricən öz dədə-baba yurdlarına qayıdışı prosesi davamlı hal almaqdadır. Bu ilin sonuna qədər 10 minə yaxın soydaşımızın Laçına geri dönməsi nəzərdə tutulur. Biz həm quruculuq işlərinin, həm də bütövlükdə Böyük Qayıdışın zəfərlə başa çatdırılacağına əminik.
Hədəfdə isə Qərbi azərbaycanlıların da haqq və hüquqlarının beynəlxalq səviyyədə təmin olunmasına nail olmaq planlarımız var. Başqa sözlə desək, dövlət başçımız 2018-ci il 11 aprel prezident seçkilərində bəyan etdiyi “yol xəritəsi”nin reallaşdırılması istiqamətində səylərini qətiyyətlə davam etdirməkdədir. Biz Prezident İlham Əliyevə ümumilli maraqlarımız naminə atdığı bütün addımlarında uğurlar diləyirik.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri