Ölkə 1935-ci ildə nasist Almaniyasının təkidi ilə “İran” adlanıb

0

“İran İslam Respublikası” adlanan dövlətin “İslam Şurası Məclisi” adlı parlamenti Azərbaycanla bağlı bəyanat qəbul edib.

Əvvəla, sənədi qəbul etmiş strukturun adındakı kəlmələrin hamısı məntiqə və tarixə ironiyadır.

“İran İslam Respublikasının İslam Şurası Məclisi”…

Cənubumuzdakı ölkə 1935-ci ildə nasist Almaniyasının təkidi ilə “İran” adlanıb və bu, tarixi faktdır. Tarixdə “İran” adlı dövlət olmayıb, ola da bilməzdi.

“İslam” kəlməsinə gəldikdə isə – dünya miqyasında İslami vəhdətə, müsəlman ümməsinin birliyinə, təriqətçilik və məzhəbçilik əsasında düşmənçiliyin aradan qaldırılması niyyətlərinə Tehrandakı mollakratiya rejimi, onun mənfur “vilayəti-fəqih” ideologiyası qədər zərbə vuran ikinci nəsnə olmayıb.

“Respublika” kəlməsinin Tehran rejiminə şamil edilməsi yanlışdır, çünki İranda xalqın hakimiyyəti yoxdur – olan bir dəstə ayətullanın və müctəhidin xalqın istismarına yönəlmiş idarəetmə sistemidir.

“Şura” məsələsi də yanlışdır: Tehran rejimində qərarlar məşvərət, müzakirə və ya məsləhətlə yox, bir adamın istəyi ilə qəbul edilir. Həmin şəxs “ali dini rəhbər” adlanan ayətullah Seyid Əli Xameneidir ki, ölkəni mücərrəd və sxolastik qarışıqların simbiozuna çevrilmiş ideologiyaya əsaslanaraq diktatura şərtləri ilə idarə edir.

İsraildə səfirlik açmağımızın “İslam aləminə və ümməsinə zərbə” olması ilə bağlı Tehran rejiminin “millət vəkilləri”nin isterik bəyanatındakı iddiaya gəldikdə isə, əhalisinin əksəriyyəti müsəlmanlar olan Özbəkistan və Qazaxıstan bu addımı atanda Tehran niyə qəzəbnak olmamışdı? Tam əksinə, molla rejimi Astana ilə Daşkəndin qərarlarını sakit qarşılayaraq sanki heç nə olmamış kimi davranmışdı və indi də qazaxlarla özbəklərin ünvanına fars millətçilərindən bir kəlmə tənqid səslənmir.

Tehran rejimi Fələstindəki müsəlmanlara dəstək verdiyini sürəkli bəyan edir və bunu bütün müsəlman ölkələrinin nəzərinə çatdıraraq fələstinlilərin siyasi, sosial, maliyyə və s. problemlərinin həllində onlara fasiləsiz yardımlar göstərdiyini bəyan edir.

Ayətulla Xamenei az qala hər müraciətində və çıxışında bunu deyir.

Gerçəkdirmi? Əsla.

Tehran rejimi fələstinlilərə yardım etmir – Fələstindəki HƏMAS və “Hizbullah”ı dəstəkləyir.

“Əl Sabirin”, “Fatimiyyun”, “Hüseyniyyun” və s. kimi terror qruplaşmalarını da yaradaraq idarə edən Tehran teokratiyası həmin strukturlara hər il 320 milyon dollar həcmində ərzaq, silah-sursat, farmasevtik preparatlar, raketlər, minalar və ən başlıcası, nağd pul yollayır.

Bəhs etdiyimiz “yardım”lardan Fələstin xalqına 1 dollar (!) da çatmır.

İranın İraqda, Yəməndə, Suriyada, Sudanda, Somalidə – ümumiyytlə, Şimali Afrika və Yaxın Şərqdə yürütdüyü siyasətin mahiyyəti budur.

Region dövlətlərinə daim təsir  göstərmək üçün terrorçu və ekstremist hərəkatlarla təşkilatlar dəstəklənir, onların siyasi iqtidarı ələ almaları üçün istisnasız olaraq bütün vasitələrdən istifadə edilir, bütün bunlar “İslam inqilabı ixracı” idefiksi çərçivəsindəki “İslam Müqaviməti” adı ilə pərdələnir.

Tehrandan fərqli olaraq, Bakı əhalisinin əksər hissəsi yoxsulluq həddində olan müsəlman ölkələrində təhsil və səhiyyə müəssisələri inşa edir, onları ən müasir texnika və avadanlıqla təmin edir, yerli kadrların hazıranması üçün gərəkli bütün işləri görür, habelə həmin ölkələrin sakinlərinə sürəkli yardımlar edir.

Qoşulmama Hərəkatının üzvü olan İran indiyədək hansı qlobal əhəmiyyət kəsb edən problemin həllində “üçüncü dünya” ölkələrini səfərbər edib?

İran indiyədək hansı humanitar və ya siyasi təşəbbüslə çıxış edərək inkişaf etməkdə olan dövlətlərrin səsini dünyaya çatdırmağa çalışıb?

Heç biri, heç zaman, heç bir halda.

Azərbaycan COVİD-19 koronovirus pandemiyasının tüğyan etdiyi zamanda inkişaf etmiş dövlətlərin “peyvənd millətçiliyi”nə son qoyulması, inkişaf etməkdə olan dövlətlərə dərhal və təxirəsalınmaz yardımların ünvanlanması tələbi ilə BMT Təhlükəsizlik Şurasının fövqəladə toplantısının keçirilməsinə nail olanda Tehranın səsi eşidilmədi.

Tam əsinə, hətta koronavirusu da fürsət bilən Tehran peyvənd paylanılmasını çirkin siyasi məqsədlərinə alət etmişdi.

İran parlamentinin deputatları indi dilə gəliblər, Azərbaycana ünvanlanmış hədələr səsləndirirlər, “İslam dünyası” və “müsəlman ümməti”ndən bəhs edirlər.

Ermənistan ərazilərimizin 20 faizini işğal edəndə, bu işğalın davam etdiyi 30 ildə Tehran rejimi “Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığına sayğı bəsləyirik, bu prinsiplərə riayət olunmalıdır” kimi amorf bəyanatlar verməklə işini bitmiş saydı.

Elə həmin vaxt İran vətəndaşları işğal edilmiş ərazilərimizi ermənilərlə birlikdə yağmaları, evləri sökür, hətta dəmirləri və daşları belə, daşıyıb İrana aparırdılar.

Son 30 ildə Ermənistan üçün İran ən ciddi dayaq, iqtisadi və maliyyə dəstəyi olub, indi də belədir.

Tehrandakı həyasız, dindən danışmağına rəğmən imansız olaq molla rejimi işğal edilmiş ərazilərimizdəki 67 məscidimizdən 65-i (!) viran ediləndə, donuz bəslənən məkanlara çevrilənəd susurdu.

İranlı deputatlar sanki kütləvi şəkildə lal, kar və kor olaraq Ermənistan hərbçilərinin dinc əhalimizə divan tutmalarını, kütləvi qırğınlar törətmələrini görmürdülər.

İndi qəflətən “şərəf və ləyaqət”ini xatırlayan İran parlamentində son 25 ildə Xocalı soyqırımı müzakirə olunmayıb. İran parlamentinin deputatları bir dəfə də olsun, vəhşi işgəncələrlə qətlə yetirilmiş Azərbaycan vətəndaşlarının anımına bir kəlmə (!) deməyiblər.

Amma Tehran rejimindən fərqli olaraq, rəsmi Bakı əxlaq və mədəniyyətin nə olduğunu unutmayıb, onillərlə cənub qonşumuzun maraqlarını nəzərə almağa çalışıb.

İran ətrafında Qərbin çəmbəri daralanda yalnız Azərbaycan “üçüncü dövlətin ərazimizdən İrana qarşı istifadə olunmasına imkan verməyəcəyik” bəyanatını verdi.

İradə ilə, qətiyyətlə, cəsarətlə.

Halbuki bizim dost, qonşu və qardaş əlimizi uzatdığımız Tehran rejimi iyrənc mahiyyətinə xilaf çıxmaq niyyətində deyildi.

Azərbaycan hakimiyyəti İranla iqtisadi, ticari, nəqliyyat, maliyyə və s. əlaqələrin genişləndirilməsi yollarını müzakirə edərkən Tehran rejimi ölkəmizdə vətəndaşların verbovkası, agentura şəbəkəsinin yaradılması, Bakıda terror aktlarının hazırlanması ilə məşğul idi.

Azərbaycana gələn iranlı gənclərə ölkəmiz ən müasir səviyyədə təhsil verərək onların vətənlərinə peşəkar mütəxəssislər kimi qayıtmalarına bütün imkanları yaradarkən, Tehran rejimi İrana müalicəyə, turist səfərinə və ya təhsil almağa gedən vətəndaşlarımızın az qala hər birini verbovka edərək casusuna çevirməyə çalışırdı.

İranlı deputatlar indi bəyanat imzalayanda təbii ki, bütün bunları xatırlamaq istəməyiblər.

Onlar etiraf etməkdən qorxurlar ki, Tehran rejimi Azərbaycanın məhvini, yox olmasını istəyir, arzulayır və bu murdar niyyətinə çatmaq üçün malik olduğu bütün vasitələrdən bəhrələnməyə çalışır.

Cənub sərhədlərimiz boyunca hərbi təlimlərin keçirilməsi, Tehranın mələfə mediasında Azərbaycana ünvanlanmış təhqirlər və hədələr, Ermənistanla əməkdaşlığın sürətlənməsi, Gorusda konsulluğun açılması – bu, ayətullahlar hakimiyyətinin tşəvişli vurnuxmasıdır.

Bu ilin yanvarın 27-də Tehrandakı səfirliyimizə terror hücumunun arxasında duranlar indi Azərbaycana qarşı deputatların bəyanatını sifariş verərək siyasi təlxəklik edirlər.

Təəccüblü deyil.

Molla rejimi dərk edir ki, gün keçdikcə güclənən, ordusunu və iqtisadiyyatını sürətlə inkişaf etdirən, bölgənin ən qüdrətli və nüfuzlu dövlətlərindən biri olmaq yolunu tutan Azərbaycan onun üçün təhlükədir.

Bəli, ayətullakratiya məhz belə düşünür.

Güclü Qüzey Azərbaycan mütləq halda Güney Azərbaycan, oradakı 35,2 milyon soydaşımız üçün mayak, can atılan məkan olacaq.

Güney Azərbaycanda hazırda baş verən bütün ictimai-siyasi proseslərdə Bakı ümid yeri, həsrət qaynağıdır.

Molla rejimini isterikaya salan, təlaşda qıvrılmağa vadar edən də budur.

Qıvrılsın, nə eybi var.

Əqrəb nə qədər sinirlənərsə, özünü çalar.

Elçin Alıoğlu

Elçin Alıoğlu yeni vəzifəyə təyin olundu

mənbə: https://qafqazinfo.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »