Gənc nəslin ictimai fəallığının artırılması

0

Hər bir millətin gəncliyi onun gələcəyini formalaşdıran ən əsas amildir. Eyni zamanda, hər bir millətin gələcəyi onun gəncliyindən asılıdır. Yeni nəslin sağlam təfəkkürlə yetişməsi, dünyagörüşlü olması, hərtərəfli biliyə malik intellektual zəka daşıması Azərbaycanın parlaq gələcəyinə sarsılmaz ümid formalaşdırır. Bu gün də, bu meyarlardan irəli gələrək, ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasət cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətin gəncləri əhatə edən siyasi proqramları, əməli tədbirləri, həyata keçirilən çoxsahəli layihələr və gəncliklə bağlı platformalar Azərbaycan gəncliyinə ölkənin ictimai-siyasi həyatının bütün sahələrində iştirak etməyə və aktiv fəaliyyət göstərməyə yetərincə imkan verir.

Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərin hamısında iştirakçı olur, proseslərin dinamikasına və inkişafına öz imkanları çərçivəsində hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edir. Prezident İlham Əliyev özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq, bu təbəqəni novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Həqiqətən də, dövlətin gənclərə yaratdığı geniş imkanlar onları nəinki cəmiyyətin avanqard qüvvəsinə çevirir, üstəlik, gənc nəsil özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməyə təkan verir.

Gənc nəslin ictimai fəallığının artırılması dövlətimizin gənclər siyasətinin prioritet istiqamətlərindən biridir. Bu gün dövlət məktəb və liseylərdə, kollec və universitetlərdə təhsil alan yeniyetmə və gənclərin hərtərəfli inkişafı üçün kifayət qədər münbit şərait yaradıb. Onların yaradıcılıq potensialının ölkəmizin inkişafı, dövlətimizin siyasi, iqtisadi, hərbi qüdrətinin artırılması, xalqımızın rifah səviyyəsinin daha da yüksəldilməsi uğrunda səfərbər edilməsinə xüsusi diqqətlə yanaşılır. Eyni zamanda, başqa-başqa təşkilatların, müəssisələrin və qurumların gənclər siyasətinə verdiyi töhfələr də özünü aydın şəkildə biruzə verir. Buna misal olaraq, “XXI Əsr Təhsil Mərkəzi ” İctimai Birliyinin “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsini göstərmək olar. Layihənin məqsədi ali məktəb tələbələrinin müvafiq sahədə xidmətləri olan ictimai xadimlərlə, tanınmış şəxslərlə canlı ünsiyyətini təşkil etməklə gənclərin ictimai fəallığının yüksəldilməsinə dəstək göstərməkdir. Həmçinin bir az yaşlı nəslin təcrübəsini öyrənməyə, müasir metodologiyanı toplanmış təcrübələrlə sintez etməyə və bu günkü dünyanın tələblərinə uyğun formalaşmağa, addım atmağa öyrətmək də bu layihənin əsas məramlarından biridir.

4 aylıq layihə 5 ali təhsil müəssisəsi – Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Slavyan Universitetində müxtəlif ixtisaslara yiyələnməklə fərqli maraq dairəsinə malik olan 20 tələbəni əhatə edir. Bu proqram müvafiq sahədə xidmətləri olan ictimai xadimlərlə, tanınmış şəxslərlə gənclərin canlı ünsiyyətini təşkil etmək, onların ictimai fəallığının yüksəldilməsinə dəstək göstərmək məqsədi daşıyır. Bununla yanaşı, Milli Məclisin müxtəlif komissiyalarında təmsil olunan deputatlarla canlı görüşləri nəzərdə tutan “Millət vəkili ilə dialoq”, internet televiziyasında tanınmış ictimai xadimlərlə görüştəşkil edən “Nəsillərin dialoqu” verilişini hazırlamaq, eyni zamanda, dövlətin həyata keçirdiyi gənclər və təhsil siyasəti ilə bağlı düşüncə, fikir və təkliflərindən ibarət yazılarını mediada ictimailəşdirmək də layihədə nəzərdə tutulur. Görüşlərdə tələbələr ictimai xadimlərlə təhsil, gəncliyin gələcəyi, gənclərin ictimai fəallığı mövzularında söhbət aparır, onların təcrübələrini öyrənir.

Layihə əsnasında, millət vəkilləri tələbələrin suallarına cavab verir və öz fikirlərini onlarla bölüşür. İctimai xadimlərlə, deputatlarla, ictimai-siyasi simalarla aparılan söhbətlərdən sonra, cənclər həmin görüşlər haqda təəssüratlarının öz ətrafı ilə bölüşür, mühüm və aktual mövzuları həmyaşıdları və tələbə auditoriyaları arasında müzakirəyə çıxarır. Bu isə, gənc nəslin maraq dairəsinin genişlənməsində, onların ictimai fəallığa maraq göstərməsində, yaxud da can atmasında əvəzsiz rol oynayır. Təbii ki, müasir dünyanın elmsiz, biliksiz, yüksək intellektual səviyyəyə malik olmadan, həmçinin ictimai-siyasi fəallıq göstərmədən qavramağın çətin olduğunu bilən Azərbaycan gəncliyi bu gün onlara ölkə başçısı və onun rəhbərliyi ilə dövlət tərəfindən yaradılan şəaitdən maksimum yararlanmağa çalışır.

Bir məqamı xüsusilə qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyev öz siyasi sələfi Ümumilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş gənclər siyasətini düzgün istqmətləndirmək və inkişaf etdirməklə 44 günlük Vətən müharibəsində bütün dünyaya sübut elədi ki, öz gənclərini düzgün tərbiyə edən dövlət həmişə zəfərə layiqdir.

Nigar Quliyeva
Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə və mühasibat fakultəsi, maliyyə ixtisası, 3-cü kurs tələbəsi

Yazı “XXI Əsr Təhsil Mərkəzi ” İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb

Leave A Reply

Your email address will not be published.

Tərcümə »