Azadlıq odur ki, sənin əvəzinə heç kim düşünmür…müstəqillik odur ki, sənin xərclərini heç kim ödəmir…

0

Bakı Mətbuat Klubunun prezidenti jurnalist Arif Əliyevin yeniavaz.com saytına müsahibəsində azad mətbuat, müstəqil jurnalistika mövzusunda suallara maraqlı və əhəmiyyətli şərhlər verib. Həmin müsahibədən bir parçanı diqqətinizə çatdırırıq:

“Bir azadlıq var, bir müstəqillik var. Bunlar bir az fərqli anlayışlardır. Azadlıq odur ki, sənin əvəzinə heç kim düşünmür, sən özün düşünürsən və sənin düşünmək imkanın var. Müstəqillik odur ki, sənin əvəzinə heç kim pul vermir, sənin xərclərini heç kim ödəmir. Bunlar bir-birlərinə bağlı məfhumdur. Bir jurnalist kimi ola bilsin ki, sizin azadlıq imkanınız daha genişdir, nəinki kütləvi infomasiya vasitəsinin (KİV). KİV həm də istehsal növüdür, biznesdir. Onun azadlığı müstəqilliyinə tam bağlı bir şərtdir. İstər jurnalistə, istərsə də KİV-ə azadlıq üçün birinci növbədə siyasi şərait lazımdır. Yəni bütün siyasi qurumlar, hakimiyyətlər – diktaturası, hətta demokratı da – mətbuatın özünə tabe olunmuş şəkildə fəaliyyət göstərməsinə həvəslidirlər. Bu, hər yerdə belədir. Heç kim istəməz ki, özü haqqında tənqid oxusun, kimsə onun əlinə baxsın ki, görüm bu haradan neçə götürdü, hara qoydu və s. Xüsusən də siyasətçilər. Buna görə də onlar bu və ya digər formada medianı özlərinə tabe etməyə, özlərinin nəzarətinə götürməyə cəhd göstərirlər. Avtokrat və daha qatı cəmiyyətlərdə bunlar qanunlar, dövlət orqanlarını yaratmaq vasitəsilə həyata keçirilir. Təəssüf ki, onların bir çox elementi bizim həyatımızda var. Bizim qanundur, bizim dövlət orqanlarıdır və s. Birinci şərt budur. İkinci şərt, əlbəttə, jurnalistin özünün “kafa”sıdır. Təəssüf ki, Azərbaycanda son 15 ildə deyərdim ki, özünüsenzura həddən artıq güclənib. Keçmiş vaxtlarda, 19-cu əsrdə, 20-ci əsrin əvvəllərində deyirdilər ki, beyinlərdə sanki senzor oturub və fikirləri qayçılayır. Artıq beynin buna öyrəşir, məhdudlaşır, çəpərləşir. Bu, xofdan, qorxudan, qazanmaq həvəsindən – çünki başqasının sözünə qulaq asanda çox verir – bacarıqsızlıqdan, çox şeydən irəli gəlir. Azərbaycanda senzura ləğv olunanda “Azadlıq” qəzetinin redaktoru mənə dedi ki, indi biz necə işləyəcəyik? Bizim əvəzimizə orada oturmuşdular, hər şeyi qayçılayırdılar. Ona görə elə jurnalistlər var ki, onları azadlığa buraxırsan, deyir istəmirəm, mənə bu qəfəs yaxşıdır. Üçüncüsü, əlbəttə, maliyyə lazımdır. Maliyyə imkanları olmadan azad və müstəqil olmaq mümkün deyil.”

Leave A Reply

Your email address will not be published.

Tərcümə »