“XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində tələbələrin millət vəkilləri ilə görüşü nəzərdə tutulan “Millət vəkili ilə dialoq” adlı platformasının ilk görüşü keçirilib.
Milli Məclisin deputatı, Gənclər və İdman komitəsinin üzvü Vüqar İsgəndərovun qonaqları Bakı Slavyan Universiteti Təhsil Fakültəsinin Məktəbəqədər təhsil ixtisasının birinci kurs tələbəsi Fidan Bəndiyeva və həmin universitetin Humanitar və Sosial elmlər fakültəsinin birinci kurs tələbəsi Kənan Ağadada olub.
Millət vəkili ölkə gənclərinin, xüsusilə də təhsilalanların ictimai fəallığına münasibət bildirib, bu mövzuya aid məsələləri müzakirə edib, onların həlli yolları barədə öz fikirlərini bölüşüb.
O, Azərbaycanda könüllülər hərəkatının fəaliyyətinin xüsusi əhəmiyyətindən, cəmiyyətdəki xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ etməsindən danışaraq, uğurlu nümunələri də örnək göstərib. Daha sonra gənclərimizin idman sahəsindəki uğurlarından, eyni zamanda elm və yaradıcılıq imkanlarının ölkəmizin sosial-iqtisadi inkişafına müsbət təsirindən bəhs edib.
Sonda V.İsgəndərov müasir dövrdə cəmiyyəti, xüsusilə də gəncləri düşündürən aktual problemlərlə bağlı tələbələrin suallarını cavablandırıb.