Avqustun 15-dən etibarən Qəbələ rayonunun Abrıx və Tikanlı kəndləri yaxınlığında və Tufandağ ərazisində, eləcə də Xaçmaz rayonunun Sibiroba kəndi yaxınlığındakı əkin yerlərində və meşə massivində qeydə alınmış yanğınlar bu gün axşam saatlarında tam söndürülüb.
İctimairey.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, yanğın nəticəsində Qəbələ rayonunun Abrıx və Tikanlı kəndləri yaxınlığında və Tufandağ ərazisində təqribən 4 hektar ərazidə kol-kos və qurumuş ağaclar, eləcə də Xaçmaz rayonunun Sibiroba kəndi yaxınlığındakı əkin yerlərində və meşə massivində ümumilikdə 32 hektar ərazidə biçilmiş taxıl sahəsi, kol-kos və qurumuş ağaclar yanıb.
Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatlarına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Şimal və Şimal-qərb Regional mərkəzlərinin müvafiq qüvvələri, eyni zamanda, Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi və 2 ədəd helikopteri cəlb olunub. Yanğınsöndürmə işlərində, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, “Azərsu” ASC-nin və yerli icra orqanlarının əməkdaşları iştirak edib.