20 yanvar şəhidlərindən biri, faciəli ailə həyatı ilə tarixə düşən Ilham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda – nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan Ilham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Yeri gəlmişkən, hazırda həmin zavod Ilham Allahverdiyevin adını daşıyır.
1989-cu ilin 30 iyununda da vağzalı sədaları altında Fərizə Ilhamgilə köçür. Toy mərasimi də o zaman Bakıda təzə açılmış “Leyla” şadlıq evində baş tutur
1990-cı ilin yanvarında Ilhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da Ilham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra, Ilham əyninə qara paltar geyinib, qardaşı oğlu Əjdəri də öpüb, evdən çıxır.
Axşamtərəfi Ilham qardaşı Elxanla “Şamaxinka” deyilən ərazidə görüşürlər. Amma bir qədər sonra, Ilham yoxa çıxır… Ilhamı həmin günü xəstəxanalardan birində tapıblar.
Əvvəlcə Xırdalandakı qəbiristanlıqda dəfn ediblər. Amma sonradan oradan çıxarıb, Şəhidlər Xiyabanına aparıblar. Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib. Birinci dəfə özünü yandırmaq istəyib, amma qarşısını alıblar. Depressiyada olan Fərizəni evdəkilər gözdən qoymurdular. Çünki o, hər an intihara hazır idi.
“Mən onsuz yaşaya bilmərəm. Siz məni…” Məktub yarıda qalır. Amma qərarında qəti olan Fərizə gecə hər kəsi yuxuya verəndən sonra, Ilham sonuncu dəfə evdən çıxarkən etdiyi hərəkəti təkrarlayır – balaca Əjdəri öpür. Ardınca da bir qab sirkəni içir. Və məktub yazmaq istəyir. Amma göz yaşı içində bir-iki cümlə yazandan sonra, ardını gətirməyə taqəti olmur.
Bətnindəki körpəni də özü ilə məzara aparır…
Zaur ƏLİYEV. Dosent