AMEA-nın Folklor İnstitutu Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi münasibətilə “Qarabağın qadın şairləri” mövzusunda elmi konfrans keçirəcək.
İctimairey.az xəbər verir ki, institutdan bildirilib ki, konfransda iştirak etmək istəyənlər 150-200 sözdən ibarət məruzə tezislərini iyunun 10-dək [email protected] ünvanına göndərə bilərlər. Tezislərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə iyunun 13-dək elektron poçt ünvanı vasitəsilə məlumat veriləcək. Konfrans iyunun 20-də Folklor İnstitutunda keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 14 mart tarixli Sərəncamı ilə bu il Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyi qeyd olunur. Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət mərkəzində saxlanılıb, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilib, o cümlədən 1960-cı ildə Bakıda şairin heykəli, 1982-ci ildə Ulu Öndərin iştirakı ilə Şuşada büstü ucaldılıb. Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərək buradakı tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdarkən güllə ilə zədələdikləri həmin büst 44 günlük Vətən müharibəsində Qələbədən sonra əzəli məkanına qaytarılıb. Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü xalqımızın milli mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür.