“AzerGold”: “2029-cu ilədək 10 yatağın istismara verilməsi hədəflənir “

0

“AzerGold” QSC-nin strateji planına əsasən, yeni “Greenfield” layihələri ilə yanaşı, 2022-ci ildən 2029-cu ilədək 4 qızıl, 1 polimetal, 3 mis və 2 dəmir filizi yatağı olmaqla, ümumilikdə 10 yatağın istismara verilməsi hədəflənir.

İctimairey.az-ın məlumatına görə, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədr müavini Xəyyam Fərzəliyev “Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabının təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, bir neçə perspektiv sahədə kəşfiyyat və tədqiqat işləri plan üzrə icra edilir: “Cəmiyyət tərəfindən fəaliyyət dövrü ərzində, ümumilikdə 240 min metrə yaxın buruq-qazma işləri görülüb​ ki, bu da ölkənin dağ-mədən sənayesi üzrə yüksək göstərici hesab olunur. 2017-ci ildə Cəmiyyətin 179 min qızıl ekvivalentində unsiya olaraq hesablanmış metal ehtiyatları 4,4 milyon qızıl ekvivalentində unsiya qədər, yəni 24 dəfə artırılıb”.

X. Fərzəliyev qeyd edib ki, “AzerGold” fəaliyyət dövrü ərzində 287 min unsiya qızıl, 530 min unsiya gümüşün beynəlxalq bazara ixracına nail olub.

“5 ildən bir qədər çox olan dövrdə qiymətli metalların satışından ölkə iqtisadiyyatına 757 milyon manata yaxın vəsait cəlb edilib. Hazırda Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl yatağının oksid mərhələsindən sulfid mərhələsinə keçid üzrə tranzit filizlərin istismarı, eləcə də Cəmiyyətin geoloqları tərəfindən kəşf edilmiş “Ağyoxuş 1” və “Mərəh” qızıl yataqlarında hasilat işləri aparılır. Yeri gəlmişkən, ötən il Daşkəsən rayonunda Cəmiyyətimizin geoloqları tərəfindən aparılan kəşfiyyət işləri nəticəsində daha bir sahə, “Nərimanlı” potensial qızıl yatağı kəşf edilib. Hazırda sözügedən sahə üzrə müvafiq geoloji tədqiqatlar davam etdirilir”, – sədr müavini bildirib .

Leave A Reply

Your email address will not be published.

Tərcümə »