Putin çağırışçıların Ukraynaya göndərilməsinə görə məsuliyyət daşıyanların cəzalandırılmasını tapşırıb
Rusiya prezidenti Putin prokurorluğa çağırışçıların Ukraynaya göndərilməsinə görə, məsuliyyət daşıyanları cəzalandırmağı tapşırıb.
Rusiya prezidenti Vladimir Putin Ukraynaya çağırışçıların göndərilməsinə qadağa qoyulması ilə bağlı göstərişlərinə əməl etməməyə görə, məsuliyyət daşıyan vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi və cəzalandırılması üçün, Baş Hərbi Prokurorluğa materiallar göndərilməsi barədə göstəriş verib.
İctimairey.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, xüsusi əməliyyat başlamazdan əvvəl, Silahlı Qüvvələrin bütün bölmələrinin komandirləri Putinin göstərişi ilə Ukrayna ərazisində hər hansı tapşırıqları yerinə yetirmək üçün, çağırışçı əsgərlərin cəlb edilməsini qəti şəkildə istisna etmək barədə məlumatlandırılıblar. “Prezident Putinə bu göstərişin icrası barədə məlumat verilib”, – Peskov əlavə edib.
Lakin Ukraynada rusiyalı çağırışçıların olması məlum olanda Putin müvafiq materialların yoxlanılması, hərəkətlərinə hüquqi qiymət verilməsi və təqsirkarların cəzalandırılması üçün prokurorluğa göndərilməsi barədə göstəriş verib, prezidentin mətbuat katibi bildirib.
Martın 9-da Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya ordusunun maddi-texniki təminat tapşırıqlarını yerinə yetirən bölmələrindən birinə millətçi batalyonun diversiya qrupu hücum edib və hərbi qulluqçuları, o cümlədən çağırışçıları əsir götürüb. Onun sözlərinə görə, hazırda məhbusların azad edilməsi üçün, bütün tədbirlər görülür.