MHP-I sədrinin TƏBRİKİ: Hər bir azərbaycanlı üçün analar   müqəddəslik rəmzidir!

0

Milli Həmrəylik Partiyasının mətbuat xidməti xəbər verir ki, partiyanın sədri, Qarabağ qazisi Əlisahib Hüseynov 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan xanımlarına təbrik mesajı ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli xanımlar, əziz analar və bacılar!

Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Təkcə bu gün yox, sabah da, o biri gün də – daim üzünüz gülsün, arzularınız çin çıxsın, əziz xanımlar!

Azərbaycan qadını tarix boyu öz mübarizliyi ilə tanınıb, zamanın bütün sınaqlarından ləyaqətlə çıxaraq xalqımıza nəcib əməlləri ilə əvəzolunmaz töhfələr verib. Bizim qadınlar zərif cinsin nümayəndələri olmalarına baxmayaraq, ölkəmiz üçün təhlükəli məqamlarda həmişə silaha sarılaraq bizimlə bərabər, ön sıralarda dayanıblar. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsildən-nəslə ötürülməsində də həmçinin qadınlarımız daim fədakarlıqlar göstərib, tariximizin və milli ruhumuzun keşikçisi olaraq çıxış ediblər. Qürurla qeyd etməliyik ki, məhz Azərbaycan qadınları Şərqdə mədəniyyətin, incəsənətin, təhsilin və elmin bir çox sahələrində ilk addımları atmaqla, pioner rolunda çıxış etməklə yenilikçi, qabaqcıl fikirli və yaradıcı olduqlarını sübut ediblər.

Siz qadınlar bu gün də ölkəmizin ictimai-siyasi, mədəni, elmi həyatında fəal iştirak edirsiniz. Bir çox qadınlar aktiv fəaliyyətləri ilə istər dövlət idarəçiliyində, istərsə də sosial-mədəni layihələrin icrasında öz fəallıqları ilə fərqlənirlər. Azərbaycan qadını son 30 ildə milli dövlət quruculuğu işində fəal iştirakı ilə daim ön sıralarda olub. Müstəqillik illərində böyük nailiyyətlərimizin qazanılmasında qadınlarımızın rolunu, zəhmətini xüsusilə qeyd etməliyik. Həmçinin 44 günlük Vətən müharibəsində tarixi Zəfər sevincini yaşamağımızın kökündə, təməlində də Azərbaycan qadınının varlığı dayanır. Bu gün biz torpaqları işğaldan azad edilmiş ölkəyik, millətik. Qarabağımızı, Zəngəzurumuzu mənfur düşmən tapdağından azad edən şəhidlərimizin, qazilərimizin anaları baş tacımızdır. Odur ki, bu bayram günündə ilk olaraq şəhid anaları, qəhrəman əsgər anaları xatırlanmalıdır.

Biz Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qadınlarımızın əziz xatirəsini ehtiramla yad edir, başda şəhid və qazi anaları, şəhid bacıları və yoldaşları olmaqla, ümumən bütün Azərbaycan xanımlarını ürəkdən təbrik edir, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarına, eləcə də Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına Milli Həmrəylik Partiyası adından yüksək hörmət və ehtiramımızı bildiririk.

Hər bir azərbaycanlı üçün analar tarixən elə bir müqəddəslik rəmzinə çevrilib ki, biz bugünləri hətta dövlət dilimizi – Azərbaycan dilini də “Ana dili” adlandırır, eləcə də Vətənimizə “Ana Vətən” deyirik. Bəli, Vətən həqiqətən də bütün azərbaycanlılar üçün anadır! Milli həmrəyliyimizin kökündə də məhz ana Vətən sevgisi dayanır.

Bayramınız mübarək olsun, əziz analar, bacılar, xanımlar!

Hörmətlə:   Əlisahib Hüseynov,

Milli Həmrəylik Partiyasının sədri”

Leave A Reply

Your email address will not be published.

Tərcümə »