Kiyevin meri Vitali Kliçko öz Telegram kanalında Ukraynanın paytaxtında komendant saatı tətbiq olunduğunu açıqlayıb. Bu müvəqqəti tədbir olsa da, məhdudiyyətlər fevralın 26-28-dək qüvvədə olacaq. Qadağaları pozan mülki şəxslər təxribatçı hesab olunacaqlar.
“Diqqət! Paytaxtın daha səmərəli müdafiəsi və sakinlərin təhlükəsizliyi üçün bu gündən, 26 fevral 2022-ci il tarixindən etibarən komendant saatı saat 17:00-dan səhər saat 08:00-dək qüvvədə olacaq. Bu komendant saatı fevralın 28-i səhərə qədər tətbiq edilir”, – Kliçko bildirib.
O, Kiyev hakimiyyətinin qərarına anlayışla yanaşmağı və küçələrə çıxmamağı xahiş edib.
Kiyev meri qeyd edib ki, komendant saatı zamanı saxlanılan mülki şəxslər “düşmənin diversiya-kəşfiyyat qruplarının üzvləri” hesab olunacaqlar.
Daha əvvəl Kliçko öz kanalında Ukraynanın paytaxtında “müdafiə mərhələsinin” başladığını bildirib. O, şəhərin, xüsusən də Obolonski rayonunun sakinlərini evdə və ya sığınacaqlarda qalmağa çağırıb. Bundan əlavə, o, su, yemək və zəruri əşyalar ehtiyatı saxlamağı tövsiyə edib.