Milli Qəhrəman Mübariz İbrahimov şəhid olan gündən o da şəhadət eşqinə düşmüşdü. Şəhidimizə aid şeirlər yazırdı, deyirdi “mən də onun kimi yüksək məqamı fəth edəcəyəm”. Mən uşaq olduğunu, Mübariz İbrahimovun şəhadətindən təsirlənərək elə dediyini düşünürdüm. Lakin böyüdükcə həmin hisslər daha da alovlanmağa başladı. Bakalavriat və magistratura pilləsini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yola düşdü. Hərbi xidmətdən gəldikdən sonra tez-tez deyirdi ki, “mən şəhidlərimizin, Mübariz İbrahimov kimi oğulun” qisasını ala bilmədim. Sonra Dövlət Gömrük Komitəsinin Qırmızı-Körpü Gömrük Postunda inspektor vəzifəsində çalışmağa başladı. Ətrafında hər kəsin ürəyini fəth etdiyi kimi kollektiv arasında da hörmət qazanmışdı.
İctimairey.az Vətən müharibəsi şəhidi Ülvi Hacıyevin anası Həmidə Qurbanovanın bölüşdürdüyü xatirələri diqqətinizə çatdırır.
2020-ci il iyul ayında düşmən təxribatı nəticəsində general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər hərbi qulluqçuların şəhid olmasından sonra bizdən xəbərsiz könüllü olaraq cəbhədə döyüşmək üçün müraciət edib. Ətrafındakılara deyirmiş ki, “müharibə olsa, mütləq gedəcəyəm”. Hətta iş yoldaşları arasında ilk olaraq ordu sıralarına yazılıb.
“İş yerini Bakıya dəyişmişdilər. Sentyabrın 28-də çağırış vərəqəsi gəldi. Dedi “mənim arzumdur, mane olmağa çalışmayın”. Onu cəbhəyə yola saldım. Ara-sıra zəng edir, sevinə-sevinə danışırdı. “İrəliləyirik, torpaqlarımızı azad edirik” deyirdi. Oktyabrın 15-də sonuncu dəfə zəng etdi. Müharibə dövründə bir video çəkmişdilər. Ülvi orada “istiqamət Şuşa” deyə səslənmişdi. Oktyabrın 19-da Şuşaya 10 kilometr qalmış şəhid olub. Övladım öz adını tarixə yazdırdı. Bütün şəhidlərimiz anaların göz yaşları olsa da, xalqın sevgisi, hörməti verdiyi dəyər bizi ayaq üstə saxlayır. Mən hər zaman Ülvi ilə qürur duymuşam, indi də fəxr edirəm. Bu gün gömrük işçilərinin peşə bayramıdır. Ülvinin də ən sevimli günlərindən biridir”, – deyə H.Qurbanova qeyd edib.