Böyük Britaniyanın xarici işlər naziri Liz Truss və Britaniyanın müdafiə naziri Ben Uolles Rusiyaya qarşıdakı səfərləri zamanı Londonun Moskva ilə münasibətlərini yaxşılaşdırmalı olacaqlar.
İctimairey.az xəbər verir ki, onlara belə bir tapşırıq verilməsi faktı Britaniyanın baş naziri Boris Consonun ofisinin yanvarın 29-da axşam saatlarında yaydığı bəyanatda bildirilir:
“Baş nazir İcmalar Palatasında Rusiya ilə daha yaxşı münasibətlərin mümkün olduğunu açıq şəkildə bildirib, o, xarici işlər və müdafiə nazirlərinə rus həmkarları ilə danışıqlar aparmaq üçün, yaxın günlərdə Moskvaya səfərlərə hazırlaşmağı tapşırıb. Onlara prezident Vladimir Putinin hökuməti ilə münasibətləri yaxşılaşdırmaq və gərginliyin azaldılmasına təkan vermək tapşırılacaq”, – sənəddə deyilir.
Bundan əvvəl Dovninq Street də xəbər vermişdi ki, Baş nazir Boris Conson gələn həftə Vladimir Putinlə telefon danışığı keçirərək, onu Ukrayna mövzusunda diplomatik dialoqa başlamağa çağıracaq.
London Estoniyadakı hərbi kontingentinin sayını iki dəfə artırmaq və Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar müdafiə silahlarının ötürülməsi imkanlarını nəzərdən keçirir, Britaniyanın baş naziri Boris Consonun mətbuat xidməti bildirib:
“Baş nazir NATO-dan mümkün olan maksimum yardımı nəzərdən keçirir və müttəfiqlərini qorumaq üçün, Böyük Britaniya ordusunu gücləndirmək niyyətindədir. Böyük Britaniya qoşun sayını iki dəfə artırmaq və Estoniyaya müdafiə silahları göndərməyi düşünür. NATO müttəfiqlərini qorumaq üçün təyyarələr, döyüş gəmiləri və hərbi ekspertlər göndərə bilər.
Qeyd olunur ki, Britaniya kontingentinin mümkün yerdəyişməsi NATO-nun imkanlarını və Böyük Britaniyanın Skandinaviya və Baltikyanı tərəfdaşlara dəstəyini gücləndirəcək. Bundan əlavə, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles gələn həftə Macarıstan, Sloveniya və Xorvatiyaya səfər edəcək. Hazırda Estoniyada 900, Ukraynada 100 və Polşada 150-yə yaxın Britaniya hərbçisi yerləşdirilib.
Qeyd edək ki, “Washington Post” adı açıqlanmayan mənbələrə istinadən yazır ki, Ukrayna kəşfiyyatı Kiyevdən məxfi sənədləri yığışdırıb. “Ukrayna kəşfiyyatı paytaxtdakı qərargahından məxfi sənədləri və avadanlıqları ölkənin qərbindəki təhlükəsiz yerlərə çıxarıb”, – qəzet adının açıqlanmasını istəməyən rəsmilərə istinadən yazıb. Nəşr bu cür hərəkətləri Kiyevin vəziyyəti gərginləşdirməyə hazırlaşmasının “xarici təzahürlərindən” biri adlandırıb.