Kiyevdə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib 

0

Azərbaycanın Ukraynadakı səfirliyində 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

İctimairey.az AZƏRTAC –a istinadən xəbər verir ki, səfirliyimizin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan diasporunun nümayəndələri, ictimai-siyasi xadimlər, tələbələr iştirak ediblər.

Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfirliyin üçüncü katibi Təranə Sadıqova 20 Yanvar faciəsinin xronologiyası barədə ətraflı məlumat verdikdən sonra Qanlı Yanvara həsr olunan sənədli film nümayiş etdirilib.

Sonra Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova çıxış edərək bildirib ki, 20 Yanvar Azərbaycan xalqının milli iradəsinin əyilməzliyinin rəmzidir. 20 Yanvar faciəsini törətməklə Sovet rəhbərliyi Azərbaycan xalqının iradəsini və qürurunu sındırmaq istəyirdi, lakin buna nail ola bilmədi.

“Azərbaycan xalqı milli maraqların müdafiəsi naminə birləşdi. Onlar ölkənin azadlıq və müstəqilliyi uğrunda canlarını qurban verərək şəhid oldular”, – deyə səfir əlavə edib.

Elmira Axundova vurğulayıb ki, faciədən dərhal sonra ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və rejimin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza böyük dayaq və təsəlli olmaqla onun mübarizə əzmini daha da yüksəltdi. Ulu Öndərimiz bu hadisələrin hüquqa, demokratiyaya qarşı yönəldiyini, humanizm prinsiplərinə zidd olduğunu bildirdi, haqq səsimizi bütün dünyaya çatdırmaqla, yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandırdı.

Daha sonra tədbirdə çıxış edən Ukrayna Azərbaycanlıları Radasının həmsədri Oleq Krapivin, Ukraynalı Ziyalılar Assambleyasının sədri, tarix elmləri doktoru, professor Fərhad Turanlı 20 Yanvar faciəsi barədə ətraflı danışıblar.

Emil Hüseynli

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »