Tbilisidə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

0

Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər  Mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

İctimairey.az AZƏRTAC-a istinadən xəbər verir ki,, mərkəzin kollektivi əvvəlcə paytaxtın Rustaveli prospektində məlum 9 Aprel faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.

Sonra tədbir “Alyans” Gənclər Mərkəzinin ofisində davam edib. Tədbir iştirakçıları 20 Yanvar faciəsini əks etdirən fotosərgiyə baxıblar.

Daha sonra Azərbaycanın Dövlət himni səsləndirilib.

Tədbir iştirakçıları 20 Yanvar, eləcə də Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mərkəzin sədri Leyla Əmrahova çıxış edərək 1989-cu il aprelin 9-da Gürcüstanda və 1990-cı il yanvarın 20-də Azərbaycanda baş vermiş qanlı faciələr barədə məlumat verib, keçmiş sovet imperiyasının hər iki xalqın azadlığı uğurundakı mübarizə əzmini qırmaq üçün törətdiyi qırğınların səbəblərini açıqlayıb.

Leyla Əmrahova 20 Yanvar tarixinin hüzn günü ilə yanaşı Azərbaycan xalqının qəhrəmanlıq günü kimi təqvimə düşdüyünü qeyd edib.

Daha sonra “Alyans” Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova, hüquqşünas Əli Bədirov, Marneulidəki “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin icraçı direktoru Orxan Pirverdiyev və başqaları çıxış edərək Azərbaycan və gürcü xalqlarının qəhrəmanlıq tarixi, müstəqillik uğrunda mübarizəsinin prinsipləri və qazandıqları uğurlar barədə ətraflı məlumat veriblər.

20 Yanvar faciəsindən bəhs olunan videoçarx nümayiş etdirilib.

“Gənclər Dostluğu” beynəlxalq təşkilatının üzvləri Güllü Əliyeva və Aysun Zeynalova şeir kompozisiyaları ilə çıxış ediblər.

“İmpuls” müasir xoreoqrafiya teatrının aktrisası Emilya Qəmbərova isə Fərizə obrazını canlandıraraq kiçik səhnəcik təqdim edib.

Xətayi Əzizov

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »