“Delta” ştammının da ölkəmizdə yayılmağa başlaması onu göstərir ki…

0

Artıq heç kim üçün sirr deyil ki, bu gün koronavirusla mübarizə bütün ölkələr üçün birinci dərəcəli prioritet məsələyə çevrilib. Bizim ölkəmiz bu ümumbəşəri bəlaya qarşı fəal mübarizənin ilk sıralarında yer alan ölkələrdən biridir. Azərbaycan pandemiyanın yayıldığı ilk günlərdən həm ölkə əhalisinin sağlamlığını qorumaq, həm də beynəlxalq ictimaiyyətin “COVID -19” infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək vermək üçün mümkün olan bütün zəruri addımları atıb. Belə ki, 2020-ci ilin aprelində Türk Şurasının, həmin ilin may ayında Qoşulmama Hərəkatının zirvə toplantılarının, eləcə də dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının təşkili, Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) göstərilən dəstək və verilən ianələr Azərbaycanın qlobal əhəmiyyətli problemlərin həllində öz üzərinə məsuliyyət götürməyə hazır güclü dövlət olduğunu bir daha əyani surətdə təsdiq edir.

Biz bu gün koronavirusa qarşı mübarizədə əsas həlledici vasitə olan peyvəndlənmə prosesinin ən həlledici mərhələsinə gəlib çatmışıq. Britaniya ştammının ardınca, “Delta” ştammının da ölkəmizdə yayılmağa başlaması onu göstərir ki, kütləvi peyvəndlənmə həqiqətən də ən səmərəli, ən optimal yoldur. Kütləvi peyvəndlənmənin hələ ki, başqa bir alternativi, daha effektiv mübarizə üsulu yoxdur. Ona görə də kütləvi peyvəndlənməyə hər kəsin ciddi yanaşması zəruridir. İndi hər kəsə məsləhətimiz yalnız ondan ibarətdir ki, ilk növbədə, peyvəndlənmə prosesinə qoşulsunlar. Eyni zamanda, hətta peyvənd olunduqdan sonra da heç bir arxayınçılığa yol vermədən, əvvəlki qaydada qorunma tədbirlərinə, qaydalarına əməl etsinlər. Biz həmin qaydalara nə qədər ciddi şəkildə əməl etsək, bu ümumbəşəri təhlükədən də bir o qədər tez qurtulacağıq.

Artıq bir ildən çoxdur ki, yeni növ koronavirus infeksiyası nəticəsində ağırlaşmalar, ölüm halları hər gün efirdən, xəbər saytlarından ən çox eşitdiyimiz, rast gəldiyimiz məlumatlardır. Dünyada 150 milyondan çox insan bu virusa yoluxub ki, onlardan 3 milyon nəfərdən çoxu artıq həyatini itirib. Gəlin razılaşaq ki, bütün bunlar həqiqətən də çox böyük rəqəmlərdir. Əgər özümüzün və yaxınlarımızın da bu statistik göstəricilərin içində yer almağımızı istəmiriksə, bu bəladan qurtulmaq və normal həyata qayıtmağımız üçün kütləvi immunitetin yaranmasına çalışmalıyıq. Bu labüddür və vacibdir. Kütləvi immunitetin qısa müddətdə formalaşması yalnız kütləvi peyvəndlənmə prosesinə qatılmağımızla mümkündür.

Bildiyimiz kimi Azərbaycan MDB məkanında peyvəndləməyə ən erkən başlayan ölkələrdən biridir. Biz bu prosesə bu ilin əvvəlindən başlamışıq. Ölkəmizdə kütləvi peyvəndlənməyə 2021-ci il yanvarın 18-dən start verilib. Peyvəndlənmə prosesi təkcə paytaxtın xəstəxana və poliklinikalarında deyil, regionlarda da uğurla həyata keçirilir. Şübhəsiz ki, bu iş daha sürətlə və kütləvi şəkildə davam etdirilməlidir, çünki bu proses əhali arasında geniş vüsət aldıqca yoluxma zamanı xəstələnmə halları və əsasən də ağırlaşmalar da az müşahidə ediləcək. Mən bunu öz şəxsi təcrübəmə əsaslanaraq deyirəm. Peyvəndin hər iki dozasını vurdurmuş bir şəxs kimi mən bunun müsbət nəticələrini hiss edirəm. Peyvənd olunarkən orqanizmimdə heç bir ağırlaşma halları, yan təsirlər baş vermədi. Əksinə, məhz peyvənd olunduqdan sonra özümü daha da gümrah hiss edirəm. Orqanizmimin gücləndiyini görürəm. Oxşar fikirləri bir sıra dostlarımdan, yaxınlarımdan da eşitmişəm. Odur ki, əminliklə tövsiyyə edirəm ki, hamı peyvənd olunsun.

Yeri gəlmişkən, indiyədək ölkəmizdə səhv etmirəmsə, 3 milyon nəfərə yaxın insan peyvənd olunub. Bu kifayət qədər yaxşı göstəricidir. Lakin bu prosesin daha da genişlənməsi, kütləvi hal alması vacibdir. İndi istər sahə üzrə mütəxəssislər, həkimlər, istərsə də ölkə KİV-ləri və biz siyasətçilər, QHT təmsilçiləri bu gün bu mühüm və taleyüklü məsələ barəsində əhali arasında daha dolğun və hərtərəfli maarifləndirmə işi, təşviqat işi aparmalıyıq, peyvəndlənmənin üstünlüklərini onlara bildirməliyik, normal həyata dönüşün də yalnız peyvəndlənmə sayəsində mümkün olacağını hər kəsə səbr və təmkinlə izah etməliyik. Bəli, bu hər birimizin ümdə vəzifələrimizdən biri olmalıdır. Hər birimiz maarifləndirmə işi aparmalıyıq. Bu çox önəmlidir. Çünki peyvəndlənmədən yayınmağa çalışan və yaxud çəkinən, tərəddüd edən, fobiyası olan insanlarımız da çoxdur. Bax belələri arasında mütəmadi söhbətlər aparılmalı, peyvəndlənmənin real üstünlükləri onlara səmimi şəkildə izah olunmalıdır. Əgər biz düzgün maarifləndirmə sayəsində əhalinin heç olmasa, 70-80 faizinin bu prosesə cəlb olunmasına nail ola bilsək, bu o deməkdir ki, sağlam həyata, pandemiyadan öncəki dinc zamanlara dönüş şansımız da artacaq. Odur ki, mən həm maarifləndirmə işinə, həm də kütləvi peyvəndlənməyə yeganə çıxış yolumuz kimi baxıram. Nə qədər ki, bu prosesdən yayınanlar, kənarda qalanlar olacaq, onda yoluxma da, xəstələnmə halları da davam edəcək. Bax, biz bu acı həqiqəti hamıya izah etməliyik.

Vətəndaşlarımız bilməlidir ki, dövlətin vaksinasiya strategiyası məhz onların sağlamlığına hədəflənib. Xüsusən də Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi beynəlxalq vaksinasiya platformaları artıq öz bəhrəsini verir. Məsələn, COVAX platforması vasitəsilə peyvənd əldə etmək indi istənilən ölkə üçün həddindən artıq müşkül məsələyə çevrilib. Lakin Azərbaycan bu platforma vasitəsilə Böyük Britaniya və İsveçin birgə hazırladığı “AstraZeneca” vaksinini əldə etməyi bacardı. Artıq həmin vaksinlər ölkəmizə gətirilib. Məhz həmin platformalara qoşulmağımızın nəticəsidir ki, bu gün vətəndaşlarımızın 4 növ peyvənd seçimi var. Yəni ki, “Sputnik V”-yə güvənsiz yanaşan hər hansı bir vətəndaş çox rahatlıqla “Sinovac”ı seçə bilər. Yadaki bunların hər ikisinə az da olsa şübhəsi olan şəxs gedib “AstraZeneca” vurdura bilər. Onların hər biri effektiv və təhlükəsizdir. Vətəndaşlara belə bir seçim imkanının yaradılması onların psixoloji cəhətdən əminliyi və rahatlığı üçün nəzərdə tutulub. Eyni zamanda, biz vətəndaşlarımızın fərqli vaksinləri vurdurmaq imkanına malik olduqlarını da qeyd etməliyik. Belə ki, 2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər.

Bu arada 3-cü doza peyvəndin məcburi olmadığını və bunun yalnız həssas qruplara tövsiyə edildiyini də qeyd etməliyik. Üçüncü doza nəyə görə həssas qruplar üçün vacibdir? Əvvəla, koronavirus infeksiyası keçirmiş şəxs 6 aydan sonra icazə verilmiş vaksin vurdurmaqla “İmmun serifikatı”nı müddətsiz əldə edə biləcək. Bu da əlavə bir üstünlükdür. Üstəgəl 3-cü doza mövcud immuniteti bir qədər də gücləndirir. Çünki müşahidələr göstərir ki, iki doza peyvənd vurduran bəzi insanlarda müəyyən müddət sonra təsir zəifləyə bilir. Məsələn, xroniki xəstəliyi olanların digər insanlara nisbətən immuniteti zəifdir, ona görə də belələrində peyvəndin əvvəlki dozalarının təsiri daha qısa müddətdə itir və onlar təkrar yoluxduqları halda, xəstəliyi ağır keçirə bilərlər. Ona görə də bu cür həssas qrupa aid insanlarımıza 3-cü dozanın vurulması tövsiyə olunur.

Peyvəndlənmənin əleyhinə təbliğat aparan insanlarımıza da demək lazımdır ki, onlar yanlış mövqe seçiblər. Bu mövqe cəmiyyətin əleyhinə yönəlmiş mövqedir. Həmin şəxslər başa düşməlidirlər ki, peyvəndlənmə hər bir fərdin həm öz yaxınları, həm də bütövlükdə cəmiyyət qarşısında sosial məsuliyyət daşıması deməkdir. Odur ki, hər bir fərd ilk növbədə məhz öz yaxınlarını, doğmalarını qorumaq naminə peyvənd olunmalıdır. Bununla da son nəticədə heç şübhəsiz ki, bütün cəmiyyət qorunmuş olar. Bir şeyi bilməliyik ki, əvvəllər adət etmədiyimiz bu həyat şəraiti artıq hamını yorub. Odur ki, kim əvvəlki normal həyata qayıtmağa can atırsa, o mütləq və mütləq peyvənd vurdurmalıdır. Çünki başqa əlac yoxdur.

Biz hamımız zəncirvari olaraq bir-birimizə bağlıyıq. Cəmiyyətin bütün fərdləri bir-birilə bu və ya digər şəkildə gündəlik ünsiyyətdədir. Bu isə “COVID”-ə yoluxma riskini istər-istəməz artırır. Odur ki, bu riski minimuma endirmək üçün peyvənd olunmalıyıq ki, hər birimizdə bu virusa qarşı immunitet gücü yaransın və beləliklə, bir-birimizi yoluxdurmaqdan sığortalanmış olaq. Bu mənada kütləvi peyvəndlənmənin bizim üçün nə qədər lazım və vacib olduğunu izah etməyə zənnimcə, əlavə ehtiyac qalmır. Mən fürsətdən istifadə edib bir daha hər bir soydaşımızı peyvənd olunmağa çağırıram: peyvəndlənməyə tələsin! Özümüzü və sevdiklərimizi yaşatmağın yolu kütləvi peyvəndlənmədən keçir. Bu həm də milli həmrəyliyimizin parlaq göstəricisi ola bilər.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »