Miillət Vəkili Jalə Əhmədova: Ulu Öndərin rəhbərliyi altında respublikanın dinamik inkişafı üçün kompleks proqramlar işlənib hazırlanmışdı

0

Azərbaycan xalqının dünyaya bəxş etdiyi dühalardan biri və böyük siyasi xadim Heydər Əliyev hələ kommunist ideologiyasının tüğyan etdiyi dövrdə Azərbaycana rəhbərliyi zamanı ölkəmizin gələcək müstəqilliyini qabaqcadan görür, bu istiqamətdə məqsədyönlü addımlar atırdı. O vaxtlar Heydər Əliyev dövlət idarəçilik sistemində gənclərin irəli çəkilməsinə, onların Təhlükəsizlik Komitəsində, müxtəlif nazirliklərdə və idarələrdə rəhbər vəzifələrə təyin olunmasına üstünlük verirdi.

Məhz onun rəhbərliyi altında, 1969–1982-ci illərdə gələcək müstəqil Azərbaycanın möhkəm iqtisadi potensialı və milli kadr korpusu yaradıldı. Elm, təhsil, mədəniyyət sahələrində coşqun bir tərəqqi dövrü yaşandı. Onun təşəbbüsü ilə ali və orta ixtisas məktəblərinə qəbul yerlərinin sayı artırıldı. İstedadlı Azərbaycan gəncləri keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə, o cümlədən Moskva və Leninqraddakı təhsil ocaqlarına göndərildi. Heydər Əliyev bu gənclərlə mütəmadi olaraq görüşür, onların qarşısında duran vəzifələrdən söz açırdı. Sonralar bu gənclər Azərbaycanın inkişafında, dövlət müstəqilliyinin əldə edilməsində və möhkəmlənməsində yaxından iştirak etdilər.

1969-cu il Azərbaycan SSR in sosial-iqtisadi və mədəni inkişafında dönüş ili olmuşdu. Ulu Öndərin rəhbərliyi altında respublikanın dinamik inkişafı üçün kompleks proqramlar işlənib hazırlanmış, bu illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur.

Kənd təsərrüfatının inkişafında böyük nailiyyətlər əldə edilmiş, sənayenin dinamik yüksəlişini təmin etmək üçün iqtisadiyyatda struktur islahatları həyata keçirilmiş, yeni sənaye sahələri yaradılmış, sənayenin qabaqcıl sahələrində genişləndirilmə prosesi başlanmışdır. Azərbaycan bu illərdə neft məhsulları, neft avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, tikinti materialları, məişət kondisionerləri, avtomobil hissələri, mineral gübrələr, çini-saxsı, xalça və xalçaçılıq məmulatı istehsalı üzrə keçmiş SSRİ-də aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanın dövlət suverenliyi və müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş iqtisadi potensiala əsaslanırdı.
Həmin illərdə dinamik inkişaf edən iqtisadiyyatı yüksək ixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycanda orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsi nəzərəçarpacaq dərəcədə genişləndirilmiş, hər il Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin aparıcı elm və təhsil ocaqlarına gənclərin göndərilməsi həmin illərdə bir ənənəyə çevrilmişdi.
Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, gənc və yeniyetmə azərbaycanlı oğlanların həmin məktəbə, habelə respublikadan kənarda ali hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar hərbi kadrlar hazırlanması işinə böyük təkan vermişdi. Beləliklə, Ulu Öndərin uzaqgörənliyi sayəsində gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım atılmışdı.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə ölkədə hakimiyyət uğrunda başlanan silahlı mübarizə, hakimiyyətlərin bir-birini əvəz etməsi və hərc-mərclik müstəqil dövlətçiliyimizə ağır zərbələr vurmuşdu. 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhv olmaq təhlükəsi qarşısında qalmış, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə gətirilmişdi. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən çıxarmaq üçün gərgin işə başlamışdı. İlk növbədə, hakimiyyət vakuumu aradan qaldırılmış, respublikanın müxtəlif bölgələrində baş qaldırmış destruktiv qüvvələr xalqın fəal köməyi ilə zərərsizləşdirilmiş, vətəndaş müharibəsinin qarşısı alınmışdır. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid olunmuşdur.
Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycan dövlətçiliyini uçurumun kənarından geri qaytarmış, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarmış, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini göstərmişdir.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.
Ümummilli Liderin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
Azərbaycan Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir.

Ulu Öndər Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdıra bilmişdir.

1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində nail olunmuş atəşkəs Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi və ordu quruculuğu prosesinin uğurla aparılması baxımından mühüm addım idi.
Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini qorumağa qadir olan, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazanaraq ərazi bütövlüyünü təmin edən Orduya malik olması Ulu Öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən birinin bariz nəticəsi sayıla bilər.
Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur.

Azərbaycanın daxilində yaranmış sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edilərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlı ilk neft müqaviləsi imzalanmışdır. Onun gerçəkləşdirilməsi Ulu Öndər tərəfindən işlənilib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Azərbaycanın iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək Yolunun bərpası, nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi Heydər Əliyev neft strategiyasının həyata keçirilməsinin bəhrəsidir.
Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.

Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmişdir.

Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi.

Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Bu bağlılığın əsasında isə, Heydər-Xalq, Xalq-Heydər sevgisi dayanırdı.

Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərinə görə bütün dünya azərbaycanlılarının milli iftixarı olan ulu öndər Heydər Əliyev xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »