Cəbrayıl uğrunda gedən döyüşlərdə ağır yaralanan, Vətən müharibəsi iştirakçısı qazi Rəşid Nurəhmədova əlillik dərəcəsinin müəyyən olunması üçün tibbi-sosial ekspert komissiyası əlillik dərəcəsi vermək istəmir.
Qazi Vətən müharibəsində 3 rayonun azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Cəbrayılda hərbi maşınlarının vurulması nəticəsində qalan hər kəs şəhid olsa da, o yaralanıb, gözləri və əlindən ciddi xəsarətlər alıb. Amma buna vaxmayaraq, ona heç bir təqaüd, pensiya, müavinət verilmir. Həkimlər deyirlər ki, gözün düzəlib, get işlə.
İctimairey.az xəbər verir ki, Qazi Rəşid Nurəhmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, əlillik dərəcəsinin müəyyən olunması üçün tibbi-sosial ekspert komissiyası ona 8% görmə qabiliyyətinin olduğunu deyib: «Deyirlər ki, əlillik dərəcəsi yazılmaq üçün görmə qabiliyyətin 4% olmalıdır.
Amma məndə görmə 8%-dir, bu da linzaya görədir. Qolumda da problem var, sol əlimin 3-cü barmağı işləmir. Amma bunu saymırlar. Komissiyadan iki dəfə keçmişəm. Orada komissiyanı təsdiqləyən şöbə var, mən oradan sənəd vermədilər. Dedilər ki, bir dəfə komissiyadan keçib sənəd almısan, bəs ikinci dəfə sənə sənəd verə bilmərik. Mənə köməklik etsinlər, əlillik dərəcəsinin verilməsini istəyirəm. Bundan əlavə, medallarla bağlı problemim var. Mən 3 rayonun azad olunması uğrunda gedən döyüşlərin iştirakçısıyam — Füzuli, Xocəvənd və Cəbrayıl. Cəbrayılda ağır yaralanmışam. Heç ordan da mənə medal vermədilər. Təkçə Füzuli uğrunda gedən döyüşlərdə iştirakıma görə medal veriblər, o da bu günə kimi gəlib çıxmayıb”.
Rəşid Nurəhmədov bu günə kimi heç bir aidiyyatı qurumlara müraciət etmədiyini deyib:
«Amma belə getməz, görürəm ki, müraciət etməsəm, mənə köməklik etməyəcəklər. Xaçmaz rayonunda yaşayıram. Rayon İcra Hakimiyyəti bizdə olub, maraqlanıb, bəzi köməkliklər olunub. Heç bir yerdə işləmirəm, neçə yerə getmişəm, heç kəs mənə iş vermir. Bəs, mən nəylə dolanım? Hazırda valideyinlərimin əlinə baxıram. Ailədə 5 nəfərik, tək atam işləyir. Aidiyyatı orqanlara müraciət edirəm mənə köməklik etsinlər”.