Fars körfəzindən Qara dənizə tranzit Ermənistandan yan keçəcək: İran yenidən fikrini dəyişib?

0

İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizlə birləşdirən tranzit marşrutunun təşkili ilə bağlı razılığa gəliblər.

İctimairey.az xəbər verir ki, bu barədə dekabrın 8-də İranın Yol Təmir Təşkilatının (RMTO) rəsmi nümayəndəsi mediyaya bildirib.

“Azərbaycan və Gürcüstanla iki görüşdən sonra (avtomobil nəqliyyatının yaradılması ilə bağlı) biz onlara regional yaxınlaşma üçün, yeni tranzit dəhlizinin yaradılması təşəbbüsünü təklif etdik”, – deyə Beynəlxalq Tranzit və Nəqliyyat Departamentinin baş direktoru Cavad Hedayati bildirib. “Bu plan səkkiz il əvvəl təklif edilib, lakin bu sazişə bir çox dövlətlər cəlb olunduğu üçün, hələ də həyata keçirilməyib və tərəflər konsensus əldə etməyiblər”.

Onun sözlərinə görə, yeni marşrutun yaradılması Fars körfəzini Qara dənizlə birləşdirə bilər:

“Gürcüstan və İran sazişin əsas tərəfləridir, çünki İranın Fars körfəzinə çıxışı var və Gürcüstanın Qara dənizin şərqində iki mühüm ticarət limanı var. Digər tərəfdən, Gürcüstan və Azərbaycan nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və inkişafı üçün çox səy göstəriblər, ona görə də, biz bu iki ölkə ilə əməkdaşlığı genişləndirməyə çalışdıq”.

Müqaviləyə əsasən, növbəti 4 ay ərzində İran mallarının Astara rayonundakı sərhəd məntəqəsindən Azərbaycana, habelə Gürcüstan limanları vasitəsilə Bolqarıstana və ya Şərqi Avropanın digər ölkələrinə çatdırılması üçün, Qara dənizə İrandan pilot yüklər göndəriləcək.

“Biz bu ilin sonuna qədər (İran təqviminə görə – 2022-ci il martın 20-dək) bu layihənin pilot mərhələsini həyata keçirməyə çalışırıq ki, maneələr və problemlər müəyyən olunsun. Sonra, üç ölkə arasında yekun görüşdə çatdırılma xərclərini və vaxtı azaltmaq üçün mexanizm yaradılacaq”, – deyə İran rəsmisi izah edib.

İSNA-ya xatırladır ki, İran İslam Respublikasının ərazisindən bir neçə mühüm beynəlxalq dəhliz keçdiyi üçün, strateji mövqeyi və xüsusi coğrafiyasına görə, ticarət və tranzit əlaqələrində xüsusi statusa malik olan ölkələrdən biridir. İranın cənubunda dünyanın ən böyük neft hasil edən ölkələrinin yerləşdiyi Fars körfəzi yerləşir. Nəşr yazır ki, İranın şimalı Xəzər dənizidir və bu, İran, Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan arasında ən yaxşı körpüdür və bu ölkələr arasında ticarətdə mühüm rol oynaya bilər.

Qeyd edək ki, İran əvvəllər Qara dənizə ticarət məntəqəsinin qurulmasında fərqli prioritetə – Ermənistan ərazisindən keçməyi nəzərdə tutmuşdu. Tehranın bu münasibəti ötən ilin payızında, İranla Azərbaycan arasında münaqişə başlayanda yaranmışdı.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »