Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə, bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Eldar Əfəndiyev də haqqında internetdən məlumat əldə etdiyimiz şəxslərdən biridir. O, 1954-cü il mayın 29-da Estoniyanın Narva şəhərində anadan olub. Onun valideynləri Azərbaycanın Şəki şəhərindəndir.
1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olan Eldar Əfəndiyev burada iki il oxuduqdan sonra, təhsilini Rusiyada A.İ.Gertsen adına Leninqrad Dövlət Pedaqoji İnstitutunda davam etdirib. Ali təhsilini başa vurduqdan sonra, Estoniyaya qayıdan Eldar Əfəndiyev Narva Dövlət Muzeyində buranın elmi əməkdaşı kimi fəaliyyətə başlayıb. Bundan sonra isə, 20 ildən artıq – 1979-1999 və 2001-2002-ci illərdə sözügedən muzeyin direktoru vəzifəsini tutub.
Eldar Əfəndiyev 1990-cı ildə Narva Muzeyinin YUNESKO-nun nəzdindəki Beynəlxalq Muzeylər Təşkilatı, 1992-ci ildə isə Baltik dənizi ölkələrinin Beynəlxalq Qala-Muzey Təşkilatına daxil edilməsinin təşkilatçısı olub. 1996-1999-cu illərdə Narva şəhər şurasının müşaviri vəzifəsində işləyib.
1997-ci ildə Estoniyada aparıcı partiyalardan olan Mərkəzçilərə üzv olub. Eyni zamanda, həmin illərdə İda-Virumaa vilayətinin yerli özünüidarəetmə birliyinin sədr müavini vəzifəsində işləyib. 1999-2000-ci illərdə Narva şəhərinin meri seçilib. Ancaq, bu vəzifədə cəmi bir il qalıb, bundan sonra müşavir mandatında qalmaqla, yenidən muzeyin direktoru postuna qayıdıb.
Eldar Əfəndiyev 2002-ci ildə mərkəzçilərin tövsiyəsi ilə Estoniyanın milli münasibətlər və məskunlaşma naziri təyin edilib. İslahatçı-mərkəzçi Siim Kallasın kabinetinə nazir kimi daxil olan Əfəndiyev bu postda cəmi bir il qalıb.
Eldar Əfəndiyev Estoniya parlamentinin X və XI çağırışlarının deputatıdır. Estoniya Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri olub. 2015-ci ildən Narva Pyaxklimyesk Gimnaziyasının tarix müəllimidir.
2004-cu ildə Estoniyanın paytaxtı Tallin şəhərində fəaliyyətə başlayan “Bakılı” klubunun təsisçilərindən biridir. Narva Humanitar Gimnaziyasının Qəyyumlar Şurasının, Pro Narva Mərkəzi İdarəsi Şurasının, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının idarə heyətinin və Aleksandr kilsəsinin şura üzvüdür.
Eldar Əfəndiyev 1986-cı ildə Narva qalasında muzey layihəsinə görə müəllif, 1987-ci ildə isə Estoniya Mədəniyyət Fondunun birinci mükafatına layiq görülüb. Eyni zamanda, Estoniyanın 4-cü dərəcəli “Dövlət gerbi”, sərhədyanı əməkdaşlıqda xidmətlərinə görə III dərəcəli “Xaç”, Azərbaycan Respublikasının “Birlik və “Dostluq” ordenləri və digər medallarla təltif olunub.
2006-cı il martın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə, “Tərəqqi” medalı ilə təltif edilib.