Sabirabadda DYP-in patrul əməkdaşlarına zor tətbiq edərək, onların geyim formasını çıxardan həbs olundu
Sentyabrın 8-də Sabirabad rayon polis şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılmışdır.
İctimairey.az-a Sabirabad Rayon Prokurorluğundan daxil olan məlumata görə, istintaqla müəyyən edilmişdir ki, Sabirabad şəhəri H.Əliyev prospektində “VAZ 2106” markalı 10-CE-632 dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü Azər Həsənov qayda pozuntusuna yol verdiyinə görə həmin ərazidə xidmət aparan Sabirabad RPŞ-nin DYP Bölməsinin yol patrul xidməti əməkdaşları Naməddin İbrahimov və Ramik Rəhimov tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi səbəbindən polis əməkdaşlarını nalayiq ifadələrlə söyüb-təhqir etmiş, onlara hücum edərək geyim formasını çıxartmış, eləcə də, zor tətbiq etməklə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir.
Qeyd edilənlərlə bağlı Azər Həsənov Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 315-ci ((hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilmişdir.