Dağların qoynunda Böyük Qayıdışın möhtəşəm salnaməsi

Dağların əzəməti ilə insan iradəsinin qüdrəti birləşəndə tarixdə yeni səhifə açılır. Kəlbəcər bu gün məhz belə bir tarixi mərhələ yaşayır. Bir vaxtlar işğalın, dağıntıların və məcburi köçkünlüyün ağrılarını yaşayan qədim yurd indi yenidənqurmanın, müasir şəhərsalmanın, iqtisadi dirçəlişin və Böyük Qayıdışın ünvanına çevrilir. 25 noyabr Kəlbəcər üçün yalnız əlamətdar tarix deyil, Azərbaycanın dövlətçilik iradəsinin, tarixi ədalətin və doğma yurda qayıdışın təcəssümüdür.

Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər zəngin təbii sərvətləri, meşələri, mineral su mənbələri və füsunkar mənzərələri ilə seçilir. 3724 metr yüksəklikdəki Camışdağ zirvəsi, 3616 metrlik Dəlidağ bölgənin əzəmətini nümayiş etdirir. Kəlbəcər həm də qədim tarixə malik yaşayış məskənidir. Tərtər çayı boyunca yerləşən süni mağaralar, 30 min ildən çox tarixə malik qədim yaşayış izləri, qayaüstü təsvirlər, qədim türk əlifbası nümunələri və daş abidələr bu torpağın zəngin mədəni irsini təsdiqləyir. Xudavəng monastır kompleksi də bölgənin mühüm tarixi-memarlıq abidələrindəndir.

1993-cü il aprelin 2-də Kəlbəcərin işğalı rayonun həyatında faciəli dövrün başlanğıcı oldu. İşğala qədər 53 478 nəfərin yaşadığı, 3054 kvadratkilometr ərazini əhatə edən rayonun infrastrukturu dağıdıldı, əhalisi doğma yurdlarından didərgin salındı. İşğal zamanı 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Məktəblər, xəstəxanalar, kitabxanalar, mədəniyyət müəssisələri və yaşayış evləri talan edildi. BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin tələblərinin yerinə yetirilməməsi, işğal dövründə qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması beynəlxalq hüququn prinsiplərinə zidd idi.

2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə Kəlbəcərin taleyini dəyişdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də rayon Azərbaycana təhvil verildi. Beləliklə, 27 ildən artıq davam edən işğala son qoyuldu. Bu hadisə Azərbaycanın hərbi-siyasi iradəsinin və strateji planlaşdırmasının mühüm nəticəsi olmaqla yanaşı, doğma torpaqlara qayıdışın başlanğıcı oldu.

Bu gün Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri azad edilmiş ərazilərin dirçəldilməsi strategiyasının mühüm istiqamətidir. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş Planın təsdiqlənməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Yeni plana əsasən, şəhərin ərazisinin təxminən 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Burada 4250 mənzil, dörd məktəb, dörd uşaq bağçası, iki xəstəxana, reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri, mehmanxanalar və digər sosial obyektlər inşa ediləcək. Şəhər ərazisinin 22 faizinin yaşıllıqlardan ibarət olması Kəlbəcərin ekoloji tarazlığa əsaslanan müasir yaşayış məkanına çevrilməsinə xidmət edəcək.

Böyük Qayıdışın əsas göstəricisi insanların doğma torpaqlarına qayıtmasıdır. Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi bu istiqamətdə mühüm addımdır. Kompleksin birinci mərhələsində 201 ailənin məskunlaşması üçün yaşayış binaları və fərdi evlər inşa edilib. İkinci mərhələdə daha 323 ailənin köçürülməsi planlaşdırılır. 2025-ci il avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı şəhərə köçmüş ailələrə mənzillərin açarlarının təqdim edilməsi qayıdış prosesinin əlamətdar hadisələrindən biri oldu.

Yenidənqurma işləri Yanşaq, Zallar və Zar kəndlərini də əhatə edir. Bu yaşayış məntəqələrində yüzlərlə ailənin məskunlaşması üçün fərdi evlər, məktəblər və uşaq bağçaları inşa edilməsi planlaşdırılır. Məqsəd yalnız yaşayış evləri tikmək deyil, kəndlərin sosial və kommunal infrastrukturunu tam bərpa edərək insanların rahat və təhlükəsiz yaşayışını təmin etməkdir. 2026-cı il noyabrın 6-dək rayonda 162 ailənin, ümumilikdə 681 nəfərin məskunlaşması Böyük Qayıdışın real nəticələrini göstərir.

Kəlbəcərin inkişafında nəqliyyat infrastrukturunun yenilənməsi də mühüm yer tutur. Uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu bölgənin ölkənin digər əraziləri ilə əlaqəsini gücləndirəcək. Yol üzərində inşa edilən beş tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Uzunluğu 11,7 kilometr olan Murovdağ tuneli isə mürəkkəb dağlıq ərazidə mühüm mühəndislik layihəsidir. Bu yol turizm, ticarət və iqtisadi fəaliyyətin inkişafına da geniş imkanlar yaradacaq.

Rayonun iqtisadi dirçəlişində enerji və mineral su ehtiyatlarından səmərəli istifadə xüsusi əhəmiyyət daşıyır. Kəlbəcərdə “Meydan”, “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” daxil olmaqla bir sıra kiçik su elektrik stansiyaları yenidən qurulub və yeni stansiyalar tikilib. Bu layihələr bölgənin enerji təminatını gücləndirməklə yanaşı, bərpaolunan enerji potensialının reallaşdırılmasına xidmət edir.

Kəlbəcərin iqtisadi gələcəyində “İstisu” mineral suyu və turizm imkanları da mühüm yer tutur. Təbii temperaturu 60 dərəcədən yüksək olan mineral su yataqlarının bazasında yaradılan “İstisu” zavodunun tikintisi 2024-cü ildə başa çatdırılıb. İllik istehsal gücü 100 milyondan artıq şüşə butulka olan müəssisədə təxminən 100 nəfər işlə təmin edilib. Bununla yanaşı, 80 min kvadratmetr ərazidə yaradılan “İstisu” Müalicə-İstirahət Kompleksi müasir hotel, kotteclər və SPA xidmətləri ilə bölgənin sağlamlıq turizmi potensialını artıracaq.

Azad olunmuş Kəlbəcərə Prezident İlham Əliyevin mütəmadi səfərləri də quruculuq prosesinə verilən xüsusi önəmi göstərir. 2021–2025-ci illərdə dövlət başçısının səfərləri zamanı yol və tunel layihələrinə, elektrik stansiyalarına, yaşayış komplekslərinə, kəndlərin yenidən qurulmasına və turizm obyektlərinə baxış keçirilib, bir sıra müəssisələrin açılışı və yeni layihələrin təməlqoyma mərasimləri baş tutub. Bu səfərlər Kəlbəcərin inkişafının ardıcıl və kompleks şəkildə həyata keçirildiyini nümayiş etdirir.

Bu gün Kəlbəcərdə müasir şəhərsalma, bərpaolunan enerji, turizm, sənaye və kənd təsərrüfatı vahid inkişaf strategiyası çərçivəsində birləşir. Arıçılıq ənənələrinin bərpası, Kəlbəcər balının tanıdılması, mineral su ehtiyatlarından səmərəli istifadə və yeni iş yerlərinin yaradılması rayonun gələcək iqtisadi potensialını gücləndirir.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 25 noyabrın Kəlbəcər şəhəri günü kimi müəyyən edilməsi bu tarixi günün milli yaddaşımızdakı yerini daha da möhkəmləndirib. Kəlbəcər bu gün öz qədim tarixinə sahib çıxaraq gələcəyini qurur. Dağların qoynunda yüksələn yeni yaşayış məhəllələri, çəkilən yollar, istifadəyə verilən müəssisələr və doğma yurda qayıdan ailələr Zəfərdən doğan quruculuğun canlı mənzərəsidir. Kəlbəcərin dirçəlişi Azərbaycanın gücünün, xalqımızın birliyinin və Böyük Qayıdış əzminin parlaq ifadəsidir.

 

 

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

Comments are closed.

Tərcümə »