İdeoloji məsələləri sosial şəbəkə qəhrəmanlarının öhdəsinə buraxmaq olmaz

İdeologiya haqqında indi hamı danışır. Yaranmış şəraitdən istifadə edərək rahatlıqla siyasətşünaslıq peşəsinə “yiyələnmiş” internet istifadəçisi indi də özünü ideoloq kimi sınayır. Sosial şəbəkələrin hətta təsadüfi istifadəçisi belə onu təsdiq edə bilər ki, ideoloji mülahizələr internet məkanında aparılan nəzarətsiz müzakirələrin ən populyar mövzularından birinə çevrilib. Bu cür vəziyyətin yaşanması yaxşı və ya pis təzahür olduğunu müəyyən etmək üçün əlbəttə ki, ixtisaslaşmış peşəkar müzakirələrin aparılması labüddür. Şübhəsiz, milli ideologiya yaradıcı beyinlərin daim diqqət mərkəzində olmalı və cəmiyyətin intellektual kəsimini hər zaman düşündürməlidir. Ən azından ona görə ki, ideologiya cəmiyyəti və dövləti müxtəlif sarsıntılardan qoruya biləcək əsas amillərdən biridir. Buna baxmayaraq milli ideologiyanın internetin sonsuz okeanında sərbəst üzməyə buraxılması olduqca mübahisəli və təhlükəli məsələdir.

O da bir danılmaz həqiqətdir ki, ölkənin informasiya məkanındakı ideoloji diskursun aktuallaşdırılmasının əsas səbəbi məhz 44 günlük müharibədə əldə etdiyimiz tarixi Qələbəmizdir. Zəfərimizin sayəsində heç də hər bir xalqın taleyinə qismət olmayan unikal fürsət yaranıb. Bu Qələbəni xalqın tükənməz ideoloji xəzinəsinə çevirərək gələcək nəsilləri müxtəlif süni, habelə ideoloji sarsıntılardan qorunmasını təmin edə bilərik. Bu səbəbdən də dövlət və cəmiyyət olaraq imkan verməməliyik ki, natamam və “çiy” ideoloji mülahizələr, həmçinin merkantil siyasi ambisiyaların ödənilməsi naminə istifadə olunan manipulyasiyalar Qələbənin ideoloji xəzinəsinin sürətli xərclənməsinə səbəb olsun. Yada salaq ki, “Qələbəni istismar etmək olmaz” fikri məhz Prezident İlham Əliyevə məxsusdur. Əslində, bununla dövlət başçısı bildirir ki, Qələbə, mövcud durumun qorunması üçün yox, bundan sonrakı inkişafın zəmanəti və xalqın ideoloji resursu kimi istifadə olunmalıdır.

Milli ideologiya məqalə deyil və heç kitab da deyil. Əgər kimsə düşünürsə milli ideologiyanı bir kitab halına salsaq hamı onu oxuyacaq və dərhal milli təfəkkürdə hansısa mühüm dəyişikliklər baş verəcək, o insan çox yanılır. İdeologiya prosesdir, mədəni seçimdir, tərbiyədir, milli baxışların məcmusudur, həmçinin düşüncə və yaşam tərzidir. Milli ideologiya özündə milli identikliyin kodlarını gizlədən əsas məfhumdur. Milli ideologiya dövlət və xalqının öz gələcəyi ilə bağlı həyati əhəmiyyət kəsb edən strateji seçimidir. Vahid ideologiyanın mövcudluğu təkcə dayanıqlı inkişafının zəmanəti deyil, o eyni zamanda milli bütövləşmənin də şərtidir. Yalnız onun mövcudluğunda daxili mübahisələr müzakirələr ilə həll oluna bilər, xalq, cəmiyyət və dövlət isə eyni yolla getdiyini anlaya bilər.

Kontekstin inkişafında olduqca həssas olan xüsusi bir məqama toxunmalıyıq. İdeoloji müstəvi və ya ideologiya siyasəti mütləq olaraq informasiya siyasəti ilə birgə çiyin-çiyinə addımlamalıdır. Hər iki sahə arasında saatın əqrəbləri arasındakı kimi fəaliyyət tandemi mütləq təmin olunmalıdır. Əks halda sistem xətasının yaşanması qaçılmaz olacaq. Müasir dövrdə ideologiya siyasəti və informasiya siyasəti bir-birini tamamlayan və bir-birini daha effektiv edən sahələrdir.

İnformasiya və ideologiyanın bir-birindən məsafəli dayanması nəticəsində yarana biləcək məzmun vakuumu siyasətin sinxronluğuna mənfi təsir göstərəcək, informasiya məkanı isə ideoloji “tullantılar” ilə dolacaq. Çünki qərəzli və qeyri-peşəkar ideoloji polemika tarixən konkret cəmiyyətlərdə çaxnaşmalara səbəb olub. Bəzi hallarda isə ideoloji polemika “parçala və hökmranlıq et” siyasətin təzahürü və davamı kimi çıxış edib. Mövcud istiqamətdə sifarişli tendensiyaları müşahidə edən və dövlətin gələcəyinə biganə olmayan hətta müxalif siyasi partiyalar belə ideoloji təxribatları sərt şəkildə tənqid edir və məsələ ilə bağlı həyəcan təbili çalır. Sözügedən siyasi həqiqəti diqqətdən kənarda qoymaq olmaz. Unutmayaq ki, milli ideologiya axsayanda siyasi meydanda yanlış stereotiplər və saxta “qəhrəmanlar” peyda olur, ictimai adekvatlıq isə “çılpaq” emosiyalar ilə əvəzlənir.

Doğrudur, ideologiya fəlsəfənin davamı kimi sualları və diskussiyanı sevir. Ancaq əksər hallarda “demokratik” diskussiyaların arxasında gizlənən demaqogiya və ucuz populizmi ideologiyanın yanına buraxmaq olmaz. Milli ideologiyanın taleyini demaqogiyanın öhdəsinə buraxmaq olmaz. Uzun illər ərzində ictimai təfəkkürümüzə israrla yeridilən daha bir yanlışlıqdan aralı dayanmalıyıq: yeni reallığın müəllifi olan Qalib Azərbaycan xalqı üçün milli ideologiya artıq keçmiş yox, daha çox gələcək haqqındadır. Millət, xalq və dövlət olaraq gələcəyə hansı baqaj ilə getməyimizi ideologiya müəyyən edir və bu yolda bizə süni çətinlik yarada biləcək artıq, habelə zərərli yükü daşımaqdan azad edir. Bizim unikallığımız həm də ondadır ki, Azərbaycan tarixən burada yaşayan xalqları dəyişdirməyə çalışmayıb, əksinə hər zaman müxtəlifliyin birliyini qorumağa çalışıb. Milli ideologiya mağazada zəmanətli talonla alınan əşya deyil ki, brak aşkar olunsa ziyan çəkmədən onu geri qaytara bilək. İdeoloji nöqsanların bədəllini adətən gələcək nəsillər ödəyir.

Politoloq Asif Adil

Comments are closed.

Tərcümə »