Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” fəlsəfəsi ilə bundan sonra da hər zaman qardaşlıq və müttəfiqlik yoluyla yürüməyə davam edəcək

Türkiyə səfirliyinin tədbirlərində dönə-dönə iştirak edib özlərini guya türkçü imiş kimi göstərən bəzi şəxslərin indi özlərinə əl qatıb Türkiyə-Azərbaycan münasibətlərində qəsdən süni gərginlik yaratmağa çalışmaqları həm riyakarlığın, həm də “beşinci kolon”çuluğun göstəricisidir. Bu dırnaqarası “türkçü”lər əsl həqiqətdə isə başqa güclərin – Rusiya, İran, İsrail və Qərbin maraqlarına xidmət edən proksilərdir.

BMT-dəki son hadisə həm Türkiyədəki Azərbaycan əleyhdarlarının, həm də Azərbaycandakı türkəfobların, Türkiyə əleyhdarlarının gerçək simalarını bir daha üzə çıxartdı. Bu adamlar Türkiyə-Azərbaycan münasibətlərini korlamaq üçün hər dona girməyə, hər oyundan çıxmağa hazırdırlar. Bunların əlinə fürsət düşən kimi Azərbaycan-Türkiyə birliyini baltalamağa başlayırlar.

Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” fəlsəfəsi ilə bundan sonra da hər zaman qardaşlıq və müttəfiqlik yoluyla yürüməyə davam edəcək. Amma daxilimizdəki düşmənləri, “5-ci kolon”çuları da yaxşı tanımalıyıq. Bu anti-Azərbaycan və anti-Türkiyə mövqeli qüvvələr Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın illərlə möhkəmləndirib inkişaf etdirdiyi və tarixi Şuşa Bəyannaməsi ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdiyi Azərbaycan-Türkiyə birliyini belə rahat-rahat hədəf alıb zədələməyə cəsarət göstərə bilməməlidirlər.

P.S. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə bugünkü zəngindən sonra bütün daşlar öz yerinə oturdu. Yəqin ki, hər iki ölkənin Azərbaycan-Türkiyə birliyinə zərbə vurmağa çalışan pozucu ünsürləri və “beşinci kolon”çuları, heç olmasa, bu zəngdən sonra özlərinə biraz çəki-düzən verər, sakitləşər və təxribatçı hərəkətlərinə son qoyarlar.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »