Bu gün müsəlman cəmiyyətləri öz dini və mənəvi kimliyini qorumaq üçün daha sıx həmrəy olmalıdırlar

Prezident İlham Əliyevin bu önəmli açıqlaması yerli və xarici islamofoblara ünvanlanmış ciddi və prinsipial mesaj kimi diqqət çəkir: “Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir”.

Sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu görüş zamanı etdiyi çıxışında müsəlman aləminə və İslam dininə qarşı hücumlar haqqında danışıb, İslam dəyərlərinə qarşı yönələn təzyiqlər barədə fikirlərini bölüşüb.

Dövlət başçısı dinimizə qarşı hücumlara müqavimət göstərmək üçün çıxış yolu kimi birlik və həmrəyliyi tövsiyə edib: “Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir. Müsəlman aləmini gözdən salmaq, ləkələmək, terrorla eyniləşdirmək, bizim dəyərlərimizə qarşı, müqəddəs “Qurani-Kərim”ə qarşı o təhqiredici faktlar. Siz hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox! Bu, məqsədyönlü siyasətdir. Biz də nə qoymalıyıq bunun qabağına? Ancaq birliyimizi! Ona görə bu birliyə çağırış, sadəcə olaraq, şüar deyil”.

İlham Əliyev müsəlman dünyasına yönələn hücumlara və islamofobiyaya qarşı mübarizədə Azərbaycanın da roluna xüsusi vurğu edib: “Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Avropa Şurasının üzvü olaraq biz bu ədalətsizliklərlə üzləşmişdik, üzləşirik və yəqin ki, üzləşəcəyik. Bizə qarşı elan edilməmiş bu qarayaxma kampaniyası heç vaxt dayanmayacaq. Nə üçün? Çünki biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik, öz sözümüzü deyirik, öz milli mənliyimizi qoruyuruq, öz həyat tərzimizi qoruyuruq. İmkan vermirik ki, xalqımıza və dinimizə yad olan bəzi meyillər Azərbaycanda kök salsın. Mənəviyyat keşikçiləriyik. Bax, buna görə bizə qarşı bu kampaniyalar aparılır. Mən bizim görüşümüzün çərçivələrini bir qədər genişləndirdim, yəni sadəcə olaraq, öz fikirlərimi sübutlarla əsaslandırmaq üçün. Yəni bir daha bu əsas mesaj odur ki, biz hamımız birliyə çalışmalıyıq. Yenə də deyirəm, din xadimlərinin sözləri bütün müsəlman ölkələri üçün xüsusi məna daşıyır”.

Ümumilikdə, Prezident İlham Əliyevin bu çıxışı bir daha göstərir ki, Azərbaycan dini dəyərlərə hörmət, milli-mənəvi kimliyin qorunması və İslam həmrəyliyinin möhkəmləndirilməsi məsələlərində prinsipial mövqe tutur. Prezident İlham Əliyevin İslam dininə sahib çıxmaq yönündə səsləndirdiyi fikirləri yerli və xarici islamofoblara ünvanlanmış çox ciddi mesajdır. Çox təəssüf ki, son vaxtlar Azərbaycanda da İslam dininə dil uzadan məsuliyyətsiz və təxribatçı şəxslərin sayı artıb. Lakin “Çevik” adıyla tanınan və İslam dininə qarşı təhqiramiz təbliğat kampaniyası aparan, dini zəmində düşmənçilik yaradaraq cəmiyyətdə təfriqə və parçalanmaya səbəb olan tiktokerin həbs edilməsi bir daha göstərdi ki, bu dövlət və bu xalq öz milli-mənəvi dəyərlərinə sahib çıxmağı bacarır. Bu dövlətin – bizim qalib Azərbaycanın üçrəngli bayrağında İslam dininin rəmzi var və bu bayraq yolunda çox sayda igid oğullarımız şəhid olublar.

Prezidentin çıxışı İslam dünyasına qarşı artan mənfi stereotiplərə, dini dəyərlərin təhqirinə və islamofobiyanın yayılmasına qarşı prinsipial mövqedir. Bu mövqenin əsas xətti və məğzi belədir ki, bu gün müsəlman cəmiyyətləri öz dini və mənəvi kimliyini qorumaq üçün daha sıx həmrəy olmalıdırlar. Bu çıxış Azərbaycanın həm İslam dünyası, həm də türk dövlətləri arasında mənəvi-siyasi körpü rolunu gücləndirən bir mesaj kimi qiymətləndirilməlidir.

Prezident İlham Əliyevin toxunduğu məqamlar müsəlman aləminin qarşılaşdığı çağırışların yalnız ideoloji deyil, həm də siyasi və mədəni xarakter daşıdığını göstərir. İslamın terrorla eyniləşdirilməsi, müqəddəs dəyərlərimizin təhqir olunması və müsəlman cəmiyyətlərinin mənfi stereotiplərlə təqdim edilməsi, Prezidentin də vurğuladığı kimi, təsadüfi hadisələr deyil, müəyyən məqsədlərə xidmət edən yanaşmaların nəticəsidir. Belə bir şəraitdə əsas cavabın birlik və həmrəylik olması fikri xüsusi əhəmiyyət daşıyır. Hazırkı kritik dönəmdə bütün Türk-İslam dünyası sarsılmaz həmrəylik nümayiş etdirməlidir.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »