Ən yeni tariximizin üstün və fərqli cəhətlərindən biri də budur ki, hər il avqustun 26-sı Laçın Şəhəri Günü kimi qeyd olunur. Bunun səbəbini, tarixçəsini hər birimiz yaxşı bilirik. Qısaca olaraq qeyd edim ki, 2022-ci il avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürərək Laçın rayonunun işğalına son qoyub. Məhz bu tarixi hadisədən sonra, Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 31 iyul tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, hər il 26 avqust Laçın Şəhəri Günü kimi qeyd olunur.
Bəs, bu təqvimin Laçın Şəhəri Günü kimi qeyd olunmasının mənəvi, siyasi, tarixi əhəmiyyəti nədən ibarətdir? Hər il avqustun 26-nın Laçın Şəhəri Günü kimi qeyd olunması cəmiyyətə və dünyaya, gələcək nəsillərimizə hansı mesajları ötürür? Laçının işğaldan azad edilməsinin və Laçın Şəhəri Gününün qeyd edilməsinin hərbi əhəmiyyəti nədən ibarətdir? Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncam imzalamaqla hansı mesajı vermək istəmişdi?
26 avqustun Laçın Şəhəri Günü kimi qeyd olunması təkcə bir təqvim hadisəsi deyil. Bu, ilk növbədə Azərbaycan dövlətinin tarixi ədaləti bərpa etməsinin, suverenliyi möhkəmləndirməsinin və milli yaddaşı institusionallaşdırmasının simvoludur. 2022-ci il 26 avqustda həm Laçın şəhərinin, həm də Zabux və Sus kəndlərinin Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülməsi ilə bu torpaqlar üzərində Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu. Deməli, bu günün qeyd edilməsi azadlığın qiymətini, dövlətin gücünü və xalqın tarixi iradəsini hər il yenidən xatırladır. Bu da heç şübhəsiz ki, böyük mənəvi, siyasi və tarixi əhəmiyyət kəsb edir.
Mənəvi baxımdan bu gün xalqımızın qan yaddaşında yaradan ağrını qələbə sevinci ilə əvəz edir. Laçın yalnız coğrafi məkan deyil, yurd, kimlik, ev, yaddaş deməkdir. Ona görə də şəhər gününün təsis edilməsi həmin yaddaşı qoruyur, keçmiş məcburi köçkünlərin doğma torpaqlara dönüş ümidini möhkəmləndirir və ictimai şüurda “itirilmiş torpaq” yox, geri qayıdan yurd anlayışını gücləndirir. Siyasi baxımdan isə Laçın Şəhəri Günü Azərbaycan dövlətinin təkcə de-yure deyil, həm də de-fakto nəzarətini bir daha təsdiqləyir. Bu, dünyaya açıq mesajdır ki, Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edib, sərhəd və suverenlik məsələlərində geri addım atmayacaq.
Belə günlərin təsis edilməsi və hər il qeyd olunması beynəlxalq ictimaiyyətə Azərbaycanın postmünaqişə dövründə öz ərazilərində tam hüquq sahibi olduğunu göstərir. Bu kontekstdə dünyaya verilən mesaj budur ki, Azərbaycan beynəlxalq hüququn prinsiplərini öz gücü və siyasi iradəsi ilə təmin etməyi bacardı. Laçın Şəhəri Günü həm də onu göstərir ki, işğalın nəticələri əbədi olmur və ərazi bütövlüyü uğrunda mübarizə yalnız diplomatiya ilə deyil, dövlətin bütün resurslarının koordinasiyası ilə nəticə verir.
Tarixi baxımdan isə bu qərar cəmiyyətimiz üçün həm işğal, dağıntı və məcburi köçkünlük dövrünü unutmamağa xidmət edir, həm də Böyük Qayıdışa mənəvi dəstək rolunu oynayır. Başqa sözlə desək, tarix yalnız faciə kimi yox, həm də bərpa, qayıdış və dirçəliş mərhələsi kimi yazılır. Laçın Şəhəri Günü bu baxımdan gələcək nəsillərə “bu torpaqlar bir vaxtlar işğal olunsa da, amma azad edildi” həqiqətini dövlət səviyyəsində ötürən mühüm yaddaş alətidir, vasitəsidir. Bu günün qeyd olunması hamımıza və o cümlədən gələcək nəsillərə bir daha göstərir ki, Vətən torpağının hər qarışı müqəddəsdir və bu torpaq uğrunda canlarını qurban verən igidlərimiz heç vaxt unudulmur. Eləcə də dövlətin strateji səbri, siyasi iradəsi və hərbi gücü hökmən öz müsbət nəticəsini verir və tarixi ədalət gec də olsa bərpa olunur.
Gələcək nəsillər üçün bu günün mesajı daha dərin anlam daşıyır. Vətənə sahib çıxmaq təkcə emosional hiss deyil, davamlı dövlətçilik məsuliyyətidir. Laçın onların yaddaşında qələbənin, qayıdışın və quruculuğun simvolu kimi qalmalıdır. Azad edilmiş ərazilər yeni konsepsiya ilə yenidən qurulur. Laçın Şəhəri Gününün qeyd olunması da hər bir vətəndaşımıza ilk növbədə məhz bu önəmli mesajı ötürür. Bu baxımdan, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncam imzalaması ilə verdiyi əsas mesaj budur: azad edilmiş torpaqlar Azərbaycan dövlətinin tarixi qələbəsinin daimi simvoluna çevrilməlidir. Bu, sadəcə təqvimdə bir tarix yaratmaq deyil, azad olunmuş şəhərləri dövlətçilik yaddaşına, milli qürura və gələcək quruculuq strategiyasına çevirmək deməkdir.
Laçının işğaldan azad edilməsinin hərbi baxımdan ən önəmli nəticəsi ondan ibarətdir ki, bu hadisə Azərbaycanın təkcə döyüş meydanlarında deyil, həm də strateji planlaşdırmada və diplomatiyada da üstünlüyünü göstərdi. Laçın Şəhəri Gününün və digər şəhər günlərinin təsis edilməsi haqda Sərəncamın imzalanması ilə isə eyni vaxtda bir neçə məqsədə nail olundu. Belə ki, həm Qələbənin institusional qeydiyyatı aparıldı, həm də azad edilmiş şəhərlərin hər biri üçün milli yaddaşda xüsusi status formalaşdırıldı. Eyni zamanda, azad edilmiş ərazilərin bərpası prosesinə simvolik və ideoloji dayaq yaradıldı, cəmiyyətdə qayıdış və dirçəliş ruhu gücləndirildi. Eləcə də dünyaya Azərbaycanın öz ərazilərində yeni postmüharibə nizamı qurduğunun mesajı verildi.
Beləliklə, Laçın Şəhəri Günü Azərbaycanın ən yeni tarixində qələbə, ədalət və dirçəliş günü kimi mühüm yer tutur. Bu gün yalnız Laçının azad edilməsini deyil, həm də Azərbaycan xalqının öz torpağına, tarixinə və gələcəyinə sahib çıxmasını təcəssüm etdirir. O, cəmiyyətə birlik və həmrəylik, dünya birliyinə güc və suverenliyimizin sarsılmazlığı, gələcək nəsillərə isə yaddaş və məsuliyyət mesajını verir. 26 Avqust – Laçın Şəhəri Günü Azərbaycan dövlətinin Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı üçün müəyyən etdiyi böyük quruculuq təqviminin ən mühüm səhifələrindən biridir. Bu gün qalib Azərbaycan dövləti Laçını dünyaya tamamilə yeni imicdə təqdim edir. Laçın işğal olunmuş şəhərdən sülh və diplomatiya ünvanına çevrilir. Avqustun 25-də Laçın şəhərində Azərbaycanın Energetika Nazirliyinin və “Azərenerji” ASC-nin rəsmiləri ilə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və “Elektrik Enerjisi Sisteminin Operatoru” şirkətinin nümayəndələrinin işgüzar görüşünün keçirilməsi onu göstərir ki, Azərbaycan dünənki işğalçıya bu günkü yeni reallıqları qəbul etdirməyi bacaran dövlətdir.
Dövlətimizə uğurlar! Laçın Şəhəri Günü qutlu olsun!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.