Qarabağ və Şərqi Zəngəzurla vahid konsepsiya əsasında inkişaf etməsi nəzərdə tutulan Naxçıvanın ən yeni tarixi məhz indi yazılmağa başlayır

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bugünlərdə “Washington Examiner” nəşrində dərc olunan məqaləsində Azərbaycanın Naxçıvana maneəsiz çıxış əldə etmək istiqamətində atdığı ardıcıl addımlardan da söz açıb və bildirib ki, indi bu məsələnin həlli üçün yeni imkanlar pəncərəsi açılıb və TRIPP konsepsiyası hazırda həlli mümkünsüz görünən mübahisələrin sonsuz danışıqlar əvəzinə yaradıcılıq, güc və qarşılıqlı fayda yolu ilə həllinə nümunə kimi beynəlxalq səviyyədə tanınır. Uitkoff ABŞ-ın son bir il ərzində TRIPP razılaşmasının həyata keçirilməsi istiqamətində Ermənistan və Azərbaycanla nəticəyönümlü işlədiyini bildirib: “Bu gün Cənubi Qafqaz daha təhlükəsiz və sabitdir, çünki Tramp, Əliyev və Paşinyan ritorikanı deyil, real nəticələri seçiblər”.

Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə Zəngəzur dəhlizi, TRIPP layihəsi, Naxçıvanın nəqliyyat və enerji potensialı, həmçinin regionda həyata keçirilən infrastruktur layihələri barədə səsləndirdiyi aktual fikirlər isə bir daha onun Azərbaycanın strateji milli maraqlarının təmin olunması istiqamətində zəruri addımlar atmağa hazır olan güclü və qətiyyətli lider olduğunu nümayiş etdirdi. Təsadüfi deyil ki, İlham Əliyevin sözügedən müsahibəsində verdiyi mesajlar qonşu ölkələrin (xüsusən də Ermənistan və Rusiyanın) siyasi və mətbu dairələrində də ciddi əks-səda doğurub. İlham Əliyevin müsahibə zamanı Ermənistanın İkinci Qarabağ müharibəsinin yekunu olaraq kapituliyasiya aktını imzalaması, Zəngəzur dəlizinin açılması məsələsinin üçtərəfli bəyanata salınması, Metsamor AES-in bağlanmasının vacibliyi kimi məsələlərə dair açıqlamaları qonşu ölkənin aparıcı mətbuat orqanlarının manşetlərində dərc olunub.

Prezidentin müsahibədə səsləndirdiyi mühüm mesajlar regional, geosiyasi məqamlara toxunsa da, lakin hamısının mərkəzində Naxçıvanın perspektivləri dayanır. Dövlət başçısının Naxçıvanın gələcək inkişafına və onun strateji roluna verdiyi xüsusi diqqət onu göstərir ki, Naxçıvan artıq ənənəvi baxış bucağımızdakı muxtar subyekt kimi, sadəcə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublika kimi yox, bütövlükdə ölkəmizin gələcək regional inteqrasiya strategiyasının əsas qovşaqlarından biri kimi, regional iqtisadi güc mərkəzlərindən biri kimi nəzərdən keçirilir. Bu, tamamilə yeni yanaşma, fərqli konseptdir.

Belə ki, uzun illər blokada vəziyyətində yaşadığına görə regional layihələrdən kənarda qalan Naxçıvanın indi ölkəmizin ümumi inkişafındakı yeri və rolu kökündən dəyişir. Uitkoffun da qeyd etdiyi kimi Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Zəngəzur istiqamətində bağlantının qurulması istiqamətində ardıcıl səylər göstərir. Bu dəhlizin açılması heç şübhəsiz ki, Naxçıvanı Azərbaycanın coğrafi baxımdan son nöqtəsi halından çıxarıb strateji keçid mərkəzinə, regional haba çevirə bilər. Prezident də müsahibəsində bu məqama toxunaraq bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanın təşəbbüsüdür və ölkənin əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqəni təmin etməlidir. Lakin onun sözlərinə görə, son beş il ərzində Rusiya Zəngəzur dəhlizinin açılması ilə bağlı əldə olunmuş razılaşmaların həyata keçirilməsini təmin edə bilməyib, Ermənistan isə kommunikasiyaların açılmasını yubadıb.

Prezidentin sözlərinə görə, məhz ABŞ prosesə qoşulduqdan sonra layihənin həyata keçirilməsinə yeni impuls verilib. İlham Əliyev TRIPP layihəsinin reallaşdırılmasına artıq başlanıldığını bildirib. Prezidentin sözlərinə görə, Naxçıvan gələcəkdə Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin mühüm qovşaqlarından birinə çevriləcək. TRIPP layihəsi çərçivəsində gələcəkdə yalnız avtomobil və dəmir yollarının deyil, həmçinin elektrik xətlərinin, optik fiber kabelin, neft və qaz kəmərlərinin də keçirilməsi mümkün olacaq.

Naxçıvanın strateji rolunun yenidən müəyyənləşməsi son illərin ən mühüm regional mövzularından birinə çevrilib. Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı səsləndirdiyi fikirlər və ABŞ-da TRIPP konsepsiyası ətrafında formalaşan yeni diplomatik mühit bu mövzunu təkcə Azərbaycanın daxili inkişaf gündəliyinə deyil, daha geniş geosiyasi proseslərə də bağlayır. Artıq Naxçıvan məsələsi yalnız bir muxtar respublikanın nəqliyyat əlçatanlığı problemi kimi deyil, Cənubi Qafqazın gələcək iqtisadi arxitekturasının mühüm elementi kimi dəyərləndirilir.

Bu baxımdan ən diqqətçəkən məqamlardan biri Zəngəzur istiqamətində kommunikasiya xətlərinin açılması ilə bağlı yaranmış yeni siyasi pəncərədir. İllərlə kağız üzərində qalan razılaşmaların reallaşması üçün indiki mərhələdə ABŞ-ın prosesə daha aktiv cəlb olunması, Ermənistanla Azərbaycan arasında texniki və siyasi müzakirələrin intensivləşməsi, ümumilikdə, regionda uzun müddət dondurulmuş nəqliyyat gündəliyinin yenidən hərəkətə gəlməsinə işarə edir. TRIPP konsepsiyası da məhz bu kontekstdə ortaya çıxır: o, yalnız bir yol layihəsi deyil, həm də mübahisəli geosiyasi məsələlərin praktiki fayda əsasında həllinə yönəlmiş yeni yanaşmanın simvoludur.

Prezident İlham Əliyevin açıqlamalarında Naxçıvanın gələcək rolu xüsusi vurğulanır. Bu vurğu təsadüfi deyil. Çünki Naxçıvan uzun illərdir Azərbaycanın əsas hissəsindən fiziki baxımdan ayrı düşmüş, regional layihələrə məhdud qoşulan bir məkandır. Kommunikasiya xətlərinin açılması bu vəziyyəti köklü şəkildə dəyişə bilər. Əgər Zəngəzur istiqamətində daimi və təhlükəsiz nəqliyyat bağlantısı qurularsa, Naxçıvan Azərbaycanın coğrafi periferiyasından çıxaraq Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsinə yaxın strateji mərkəzə çevrilə bilər. Bu, həm iqtisadi, həm də siyasi baxımdan ciddi transformasiyadır.

Məsələnin enerji ölçüsü də az əhəmiyyət daşımır. Naxçıvanda elektrik stansiyalarının tikilməsi, günəş enerjisi potensialının yüksək olması və gələcəkdə elektrik xətləri, optik kabel, neft-qaz kəmərləri kimi infrastruktur elementlərinin bu istiqamətdə keçə bilməsi regionu yalnız tranzit məkanı deyil, həm də enerji inteqrasiyası platforması kimi önə çıxarır. Bu halda Naxçıvan təkcə yük və sərnişin daşımaları üçün deyil, həm də enerji təhlükəsizliyi və rəqəmsal bağlantı üçün vacib düyün rolunu oynaya bilər.

Geosiyasi baxımdan isə bu dəyişikliklərin daha geniş nəticələri var. Naxçıvanın Türkiyə üzərindən Avropaya bağlanması ideyası Azərbaycanın regional manevr imkanlarını genişləndirir. Bu, ölkənin nəqliyyat xəritəsini şaxələndirir, xarici bazarlara çıxışını gücləndirir və eyni zamanda Azərbaycana Cənubi Qafqazda daha fəal inteqrasiya təşəbbüskarı statusu qazandırır. Belə bir şəraitdə Naxçıvanın inkişafı təkcə daxili regional siyasətin mövzusu deyil, həm də Avrasiya miqyasında marşrut rəqabətinin bir hissəsidir. Beləliklə, İlham Əliyevin açıqlamalarından Azərbaycanın Naxçıvan üzərindən Türkiyəyə və daha sonra Avropaya çıxışı nəzərdə tutan qlobal enerji bağlantısının formalaşdırılmasına xüsusi əhəmiyyət verdiyi də aydın görünür. Bu kontekstdə, Prezidentin müsahibəsindən ortaya çıxan əsas nəticə və mühüm mesaj budur ki, Naxçıvan yaxın gələcəkdə regionun mühüm nəqliyyat, enerji və logistika mərkəzinə, TRIPP isə Azərbaycanı, Türkiyəni və beynəlxalq bazarları birləşdirən çoxfunksiyalı dəhlizə çevrilməlidir.

Bu baxımdan Naxçıvanın gələcəyi ilə bağlı müzakirələr bu gün artıq daha geniş anlam daşımağa başlayır. Burada söhbət sadəcə bir bölgənin yol və ya işıq probleminin həllindən yox, bütövlükdə Azərbaycanın regional strategiyasının yenidən qurulmasından, ölkənin əsas hissəsi ilə Naxçıvan arasında funksional birliyin möhkəmlənməsindən və Cənubi Qafqazın yeni iqtisadi xəritəsinin formalaşmasından gedir. TRIPP və Zəngəzur ətrafında baş verənlər də məhz bu səbəbdən diqqət mərkəzindədir. Əgər proseslər uğurla davam edərsə, Naxçıvan yaxın illərdə Azərbaycanın ən strateji inkişaf məkanlarından birinə çevrilə bilər. Bütün bunlar şübhəsiz ki, Naxçıvana tamamilə yeni obraz, yeni rol qazandıracaq. Başqa sözlə desək, Qarabağ və Şərqi Zəngəzurla vahid konsepsiya əsasında inkişaf etməsi nəzərdə tutulan Naxçıvanın ən yeni tarixi məhz indi yazılmağa başlayır.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »